Allahşükür Paşazadənin yeznəsi Lənkəranda “at oynadır”

126

Qanunsuz olaraq 1000-dən çox ağacı məhv edən Bəxtiyar Hüseynovun əməlləri ört-basdır edilir

“Bizə deyir ki, arxamda Allahşükür Paşazadə durur və mənə heç nə edə bilməzsiniz”

Lənkəran rayonun Sinovlu kəndinin sakinləri illərdir əkib-becərdikləri ağacların kökündən qopardılaraq, yandırılmasıyla üz-üzə qalıblar. Belə ki, özünü “jurnalist”, “ekologiya işçisi” adlandıran Bəxtiyar Hüseynov sözügedən ərazilərin ona məxsus olduğunu bildirir. Arşdırmamızdan sonra bəlli oldu ki, Allahşükür Paşazadənin yeznəsi olduğunu iddia edən Bəxtiyar Hüseynov sakinlərin əkib-becərdiyi əraziləri bisnes məqsədiylə ələ keçirib. O, höküməti saymadığını və arxasında Allahşükür Paşazadənin durduğunu deyib.

Kənd sakini Nəriman Əhədov “Hürriyyət”ə bildirir ki, atası 70 il bağa rəhbərlik edib. Bəxtiyar Hüseynovun əməllərindən təngə gələn kənd sakinləri Meşə İdarəsinin müdiri Füzuli Məmmədovun yanına üz tutublar. Füzuli Məmmədov cavabında Bəxtiyar Hüseynovun təyin edilməsindən xəbərinin olmadığını, əmrin Bakıdan gəldiyini vurğulayıb:

“Lənkəran rayonun meşə təsərrüfatının Sinovlu kəndi ərazisində olan “Aqro bağ” sahəsindən narazılığımız var. Çünki özünü ekologiya işçisi kimi təqdim edən Bəxtiyar Hüseynov kənd camaatının işinə mane olur. O, özünü jurnalist və Yazıçılıq İttifaqının üzvü kimi də təqdim edir. Özüm illərdir ki, “Aqro bağ” sahəsinə sahiblik edirəm. Təkcə atam 70 il “Aqro bağ”a rəhbərlik edib. Ərazi böyükdür. Meyvə ağaclarıyla əhatə olunub. Bizdən xəbərsiz ağacalar kəsilib və sonra da yandırılıb.  Bəxtiyar Hüseynovu bura Lənkəran rayon Meşə İdarəsi təyin edib. Meşə İdarəsinin müdiri Füzuli Məmmədovdur. Füzuli Məmmədov isə dəfərlərlə bizə deyib ki, Bəxtiyar Hüseynovun təyin edilməsindən xəbərim yoxdur, onun əmri Bakıdan gəlib”.

Kənd sakini Ətri Əhədova deyir ki, məsələylə bağlı Lənkəran rayon İcra Hakimiyyətində və prokurorluqda olublar. Lakin aidiyyatı qurumlardan hələ ki, məsələyə heç bir cavab verilməyib. Övladları və yaxınları Vətən müharibəsində iştirak edən Ətri xanım qeyd edir ki, iki ildir Allahşükür Paşazadənin yaxınları tərəfindən ağaclara qarşı vandalizm aktı törədilir:

“Bəxtiyar Hüseynov deyir ki, mənim arxamda Allahşükür Paşazadə və qardaşı Cavanşir durur. Höküməti saymadığını deyir. Məcbur qalıb Lənkəran rayon Prokurorluğuna müraciət etdik. Eyni zamanda icra hakimiyyətində də olmuşuq. Təkcə 380 ədəd tut ağacı əkmişdik. Özünü Allahşükür Paşazadənin yeznəsi kimi təqdim edən Bəxtiyar Hüseynov da ağacaları yerindən çıxardıb və yandırıb. İki ildir ki, ağacalara qarşı vandalizm törədilir. Bəxtiyar Hüseynov bizə “heç kim” olduğumuzu deyir. Şəxsən mənim əmimin üç nəvəsi Vətən müharibəsində şəhid olub. Eyni zamanda oğlanlarım da Vətən müharibəsində iştirak edib. Hazırda da bədənlərində qəlpə qalmaqdadır. Bizim kimi insanlara deyir ki, arxamda Allahşükür Paşazadə durur və mənə heç nə edə bilməzsiniz. Bu adam 1000-dən çox ağacı məhv edib. Televiziyanı izləyəndə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağac əkdiyini gördük. Biz də ondan ilhamlanıb, öz vəsaitimizlə ağacları alıb əkməyə başladıq. Bağın əsas girişinə qıfıl vurulub. Sakinlər məcburdur ki, başqa yolla bağa daxil olsunlar.  Ağacların qırılması təxminən bir həftə əvvəl başlayıb. Ondan əvvəl də dəfərlərlə ağaclar kəsilib. Buldozeri salıb, ağacları kəsir, daha sonra yandırır. Bəxtiyar Hüseynov deyir ki, bura mənə həvalə olunub, özüm istədiyimi edə bilərəm.

Daha sonra Lənkəran polis şöbəsinə dəvət edildim. Mənə polis idarəsində dedilər ki, Bəxtiyar Hüseynovun qardaşı Bəhlul Hüseynova hücum etmişəm. Halbuki belə bir şey olmayıb. Lənkəran rayon Meşə Təsərrüfatı İdarəsinə getdim ki, Bəxtiyar Hüseynova belə bir ərazi verilib, ya yox… Ordan dedilər ki, biz verməmişik, göstəriş Bakıdan gəlib. Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində də olmuşam. Şikayətimizi həm rəsmi, həm də şifahi bildirmişik. Nazirlikdən dedilər ki, narahat olmayın, biz rayon idarəsinə göstərişimizi verəcəyik. Lənkəran qayıtdım, amma hər şey əvvəlki kimi oldu. Dəyişən bir şey olmadı. Bəxtiyar Hüseynov yenə də canlı qüvvə və texnikanı əraziyə salaraq ağacaları qırmağa başladı. Lənkəran rayon Meşə Təsərrüfatı İdarəsindən bildirilib ki, Bəxtiyar Hüseynova biznes planı Bakıdan verilib. Yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı xidmətinə getdim. Yenə də dedilər ki, siz gedin rayona bu dəfə məsələylə bağlı ciddi maraqlanacağıq. Rayona gəldik də gördüm ki, canlı qüvvə yenidən ərazidə ağacaları kəsməklə məşğuldur. Bu adam kəndin axırına kimi əraziləri zəbt edib, ağacaları kəsir. Kəndin yuxarı hissəsini də bu vəziyyətə salmaq fikrindədir.

Eyni zamanda müqavilədə də saxtakarlıq ediblər. Bəxtiyar Hüseynov və qardaşı Bəhlul Hüseynov bizə hədə-qorxu gəlir ki, torpaqları boşaldın. Lənkəran rayon Meşə Təsərrüfatı idarəsinin müdiri Füzuli Məmmədov əraziyə ekspert göndərmir. Dövlətin əmlakını mənimsəyirlər. Buna mane olan da yoxdur”.

Mərhum dövlət başçısı Heydər Əliyev “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” demişdi. Bəs, indi bu baş verənlər nədir? Daha çox yaşıllıq salmaq əvəzinə, belə xoşagəlməz halların olması düzgün deyil.  Qeyd edək ki, Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanan və respublikamızın bütün bölgələrində davam etdirilən “Hərəmiz bir ağac əkək!” aksiyası yüksək rəğbətlə qarşılanır.

Hökümətdən qorxmadığını və arxasında Paşazadələrin dayandığını deyən bu şəxsin qarşısını almaq bu qədərmi şətindir?! Maraqlıdır, bir zamanlar Cavanşir Paşazadə Milli Məclisdə bildirib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır. Lakin qohumu Bəxtiyar Hüseynov isə ağacları kəsir və yandırır. Arxasında da Cavanşir Paşazadənin dayandığını deyir…

Bizim tikanlı sözlərimiz, jurnalist araşdırmalarımız kimisə qıcıqlandıra bilər. Hətta təhdid, təhqirdə oluna bilərik. Məhkəmə çəkişməsi də apara bilərik. Lakin fakt öz faktlığında qalır. Məqsədimiz dövlət başçısının apardığı islahatlara, şəffaflığa, vətəndaş həmrəyliyinə bacardığımız qədər bu yolda dəstək olmaq, cəmiyyətdə baş verən hər hansı neqativ halları işıqlandırmaq və ictimailəşdirməkdir. Əlbəttə, obyektivliyin təyin olunması şərtilə…

Biz adətən işğalçı Ermənistanın meşə təsərrüfatı ilə amansız rəftar edildiyinin, qiymətli ağacları qanunsuz şəkildə kəsilərək Ermənistana daşınmasının və meşə yanğınları törətdiyinin şahidi olmuşuq. Bunu da daim beynəlxalq təşkilatlara çatdırmağa çalışmışıq. Əslində, işğalçıdan meşə, təbiət qədri bilməsini gözləmək də absurddur. Görünür, içimizdəki təbiət düşmələri də sakit dayanmır. Onlar da ağacları kökündən məhv edir, bununla da kifayətlənməyib yandırırlar.

Qeyd edək ki, meşə fonduna daxil olan ağacların mühafizəsi və istifadəsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Belə ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədərsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə aparıla bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.

Məsələnin araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. İradə İbrahimova “Hürriyyət”ə açıqlamasında məsələnin araşdırılaraq, qısa müddət ərzində cavab veriləcəyini bildirdi.

 

YƏHYA

P.S. Mövzuyla bağlı araşdırmaları davam etdirəcəyik və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.P.S. Dünən səhər aldığımız məlumata görə, Bəxtiyar Hüseynov və adamları sözgügedən əraziyə yenidən texnikanı salaraq ağacları kəsməyə başlayıb. Bu dəfə isə sakinlərlə Bəxtiyar Hüseynov arasında toqquşma qaçılmaz olub. Nəticədə, kənd sakini Ətri Əhədova başından xəsarət alıb. Baş vermiş xoşagəlməz hadisədə hücum edən tərəf polis bölməsinə aparılmaq əvəzinə, xəsarət alan və hadisədə zərərçəkən şəxslər aparılıb. Təəssüf edirik ki, bu cür hadisələrin acı nəticələrini bilə-bilə dövlət qurumları məsələyə heç bir reaksiya vermir. Polisin müdaxiləsiylə işi bitmiş hesab ediblər.