Alimpaşa Məmmədovun cinayət ortaqları da həbs olunmalıdır

51
Alimpaşa Məmmədov

Şəmkirin keçmiş icra başçısının 40 manata aldığı obyektin alqı-satqısını həyata keçirənlər niyə məsuliyyətdən kənarda qalıb?

Onun qanunsuz əməllərinə göz yumanlar, buna şərait yaradanlar nəyə və kimə arxayındır?

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilib, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyənləşib.

 

 

Sözsüz ki, Alimpaşa Məmmədovun qanunsuz əməlləri ifşa edilib. Bəs, satış prosesində iştirak edən notariat orqanı, əmlakı qeydiyyata alan Şəmkir rayonun Əmlak Komitəsi və Vergilər Nazirliyinin Şəmkir üzrə şöbəsinin əməkdaşları niyə məsuliyyətə cəlb edilməyib? Qeyd edək ki, əgər əmlak müəssisə şəklində satılırsa, satılan müəssisənin 18 faizi dəyərində əlavə dəyər vergisi ödənilir. Əgər, mənfəət varsa, 20 faiz də mənfəət vergisi ödənilir. Bütün bu işlərin başında Alimpaşa Məmmədov dayanırsa, onun bu cinayətlərinin həyata keçirilməsində iştirak edən köməkçiləri bəs kimlər olub? Niyə əmlak komitəsindən bu işdə iştirak edən şəxslər həbs edilməyib? Niyə Vergilər Nazirliyinin Şəmkir üzrə şöbəsindən bu işə göz yumanlar həbs edilməyib? Ən əsası isə niyə notarius 1 milyonluq obyektin 40 manata satılmasına razılıq verib?.. Hər halda Alimpaşa Məmmədov sənədləşmə işlərini təkbaşına həyata keçirtməyib.

Hüquqşünas Bəhruz Bayramov “Hürriyyət”ə açıqlamasında deyib ki, sözügedən əmlakı satmaq üçün bələdiyyənin ümumi yığıncağının qərarı lazımdır: “Qeyd edilir ki, bu bələdiyyənin mülkiyyətində olub. Hansı əsaslarla bələdiyyənin mülkiyyətində 2-3 milyonluq əmlak olur?…Maliyyə mənbəsini araşdırmaq lazımdır. Bu dövlətin ayırdığı pulun hesabınamı əldə olunub? Digər tərəfdən, o əmlakı satmaq üçün bələdiyyənin ümumi yığıncağının qərarı lazımdır. Eyni zamanda əmlakın satılması əsaslandırılmalıdır. Nəyə görə satılıb? Bələdiyyəyə maliyyə lazımdır deyə satılbımı? Notariat orqanında istənilən alqı-satqı olan zaman vergi ödənilməlidir. Notariat orqanı əmlakı qiymətləndirib,  eyni zamanda əmlak komitəsindən müvafiq rəy almalıdır. Daha sonra isə alqı-satqı oluna bilər. İstintaq orqanları araşdırmalıdır ki, bələdiyyə iki milyonluq obyekti niyə 40 manata satıb? Notariat orqanı 2 milyonluq əmlakı 40 manat necə satıb?…Yəgin ki, bələdiyyə mülkiyyətçi olsa da əmlak komitəsi bunu qiymətləndirib. Burda hər birinin məsuliyyəti var. İstintaq orqanı buna müvafiq rəy verməlidir”.

Digər bir hüquqşünas Arzu Alıyeva isə alqı-satqı işində iştirak edən hər bir şəxsin istintaqa çağırılıb dindirilməli olduğunu vurğulayıb:

“Bu işdə təqsiri olan hər kəs məsuliyyətə cəlb edilməlidir. Ən azından istintaq bunu araşdırmalıdır. Onların əməlində cinayət tərkibinin olub-olmadığı araşdırmadan sonra məlum olacaq. Bu işdə iştirak edən hər bir şəxs istintaqa çağırılıb dindirilməlidir. Əvvəl şahid kimi, daha sonra təqsirləri olarsa təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməlidir. Hər halda alqı-satqı edilərkən, hansı əmlakı edəcəklərindən xəbərdar olublar. Burda notariat orqanı birbaşa iştirak edib. Sözsüz ki, onlar obyektin qiymətindən xəbərdar olub. Buna görə də məsuliyyətə cəlb edilməlidirlər. Vergilər orqanı birbaşa alqı-satqı prosesində iştirak etmir, onlar yalnız müqavilə nəticəsində gələn vergini istəyir”.

 

Ağ Partiyasının sədri Tural Abbaslı, qanunsuz işi həyata keçirənlərin böyük şəbəkə olduğunu və onların tezliklə ifşa edilməsinin vacibliyini vurğulayıb: “İstənilən halda bu görünən saxtakarlıqdır. Məsələn, gömrükdən gətirilən malın qiyməti sənədə əsasən hesablanır. Bizim Gömrük komitəsi isə sənədi kənara qoyub, internetdən malın qiymətini tapır və qanunsuz olaraq qiymət hesablayır. Məsələn, xaricdən 5000-ə maşın alıb gətirirsən, deyirlər ki, bu maşın bizim bazarda 20000-ə satılır. Nəticədə, gömrük rüsumunu qanunsuz hesablayırlar.  Yəni, bu dərəcədə qanunsuzluq edirlər. Əgər, Gömrük Komitəsi belə edirsə, necə olur ki, dövlət iki milyonluq əmlakı 40 manata satır?…Təbii ki, buna cavabdeh olan müvafiq qurumlar var. Hər halda əmlakın dəyərləndirilməsi məsələsi var. Əmlak satılanda onun dəyərləndirilməsi aparılır. Dövlət həmin əmlaka dəyər verir. Görünür ki, bu böyük bir şəbəkədir. Bu şəbəkə də ifşa olunmalıdır. Şəbəkə ifşa ediləndən sonra, bu mexanizmi də sıradan çıxarmaq lazımdır. Əgər, Alimpaşa Məmmədov 2 milyonluq əmlakı 40 manatı satırsa, digər rəsmi şəxslər bunu görmürlərmi? Özü də dövlət əmlakını satıb və özünküləşdiriblər. Təbii ki, istintaq davam etməlidir. DTX istintaq çərçivəsində həmin şəxsləri də ifşa etməlidir. Hətta, Alimpaşa Məmmədovun oğlu da istintaqa cəlb olunmalıdır. Oğlu bilmir ki, 2 milyonluq obyekti 40 manata alır?…Yəni, bu qədər özbaşınalıq və qanunsuzluq olmaz. Bu dövləti və dövlətin qanunlarını saymamazlıq deməkdir. Özünə arxanyınlıq bu qədərmi inkişaf edib?…Bu işdə əli olan hər kəs məsuliyyətə cəlb edilməlidir. Yoxsa, bu işlər davam edə bilər”.

Alimpaşa Məmmədov

Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aprelin 28-də Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısının işinə baxan Səbail Rayon Məhkəməsi Alimpaşa Məmmədovun barəsində 4 ayılıq həbs qətimkan tədbirini seçib.

Alimpaşa Məmmədov rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib və bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunub.

YƏHYA