“Ali təhsil müəssisələrinin özünüidarəetmə çərçivəsi genişləndirilməlidir”

99

Əliməmməd Nuriyev: “Bir çox sahələrdə həyata keçirilən islahatlar, yeni təcrübələrin tətbiqində varisliyin, davamlılığın qorunması, əvvəlki bilik və təcrübənin kritik təhlil süzgəcindən keçirilərək mənimsənilməsi prosesi axsayır”

“İctimai inkişaf prosesində islahatların uğurunu təmin etmək və nailiyyətlər üçün daha möhkəm bünövrənin inşası əhəmiyyətli dərəcədə varislik, təcrübə və biliklərin ötürülməsinin səmərəli konsepsiyası, mexanizmlərinin yaradılmasından asılıdır. Varislik prinsipini fələsəfə nöqteyi-nəzərindən şərh edən Hegel qeyd edirdi ki, bütün səylərə baxmayraq, yeni adlandırdığımız nəsnələr özündə bu və ya digər dərəcədə əvvəlkilərin səciyyə və xüsusiyyətlərini saxlayırlar”. “Hürriyyət”in məlumatına görə, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib.

Onun fikrincə, ictimai inkişaf prosesində fasiləsizlik prinsipi məhz bu qayda ilə təmin edilir: “Varisliyi və əldə edilmiş bilik, təcrübənin effektiv ötürülməsi mexanizini yaradan cəmiyyətlər daha rəqabətədavamlı olur, ahəngdar inkişafa daha yaxşı nail ola bilirlər. Çox təəssüf ki, hazırda Azərbaycan təcrübəsində bir çox sahələrdə həyata keçirilən islahatlar, yeni təcrübələrin tətbiqində varisliyin, davamlılığın qorunması, əvvəlki bilik və təcrübənin kritik təhlil süzgəcindən keçirilərək mənimsənilməsi prosesi axsayır. Ani qərarlar, bir çox hallarda mümkün risklərin nəzərə alınmaması ilə verilən qərarlar, təşəbbüslər nəticəsində yetişməsinə böyük zəhmət verilmiş, dövlət resursları sərf edilmiş, zaman xərclənmiş kadrlar, təsisatlar bir kənara qoyulur. Onların əhəmiyyəti, verdiyi və verə biləcəyi töhfə, yeni təcrübələrin möhkəmlənməsi, bərqərar olmasında oynayacağı müsbət rol heç bir halda nəzərə alınmır. Ciddi elmi təhlilə, tədqiqatlara söykənməyən, daha çox subyektiv iradənin iradəsi olan qərarlar verilir”.

Əliməmməd Nuriyev hesab edir ki, bu cür vəziyyət daha çox təhsil sahəsində müşahidə olunur: “Təhsildə həyata keçirilən islahatlar da danılmazdır, istər qanunvericilik, istərsə də institutsional, idarəetmə islahatları davam etdirilir. Şəffaflıq və hesabatlılıqla bağlı da müsbət yeniliklər var, xüsusən ali təhsil müsəssisələrində bu işlər həyata keçirilir. Yeri gəlmişkən qeyd edim ki, ali təhsil müəssisələrinin özünüidarəetmə çərçivəsini genişləndirmək zərurəti var. Bu islahatlar çərçivəsində əvvəldə qeyd etdiyim kimi, kadr məsələlərində, nəsillər arasında varisliyin təmin olunmasının optimal mexanizmi tapılması diqqət mərkəzində saxlanılmalıdır. Həm idarətmə, həm pedaqoji sahədə çox böyük təcrübə və səriştəyə malik olan, müsbət nümunələrə imza atan, reputasiyası təmiz, xaricdə təhsilə, yüksək işgüzarlıq koofisentinə malik, kadrlar “yaşlıdır” bəhanəsi ilə kənarda saxlanılır. Bu cür qərarlar qeyd etdiyim kimi, konkert meyarlara görə deyil, subyektiv fikrə, çox zaman zahiri görsəniş, islahat görüntüsü yaratmaq xatirinə verilir. Halbuki, bu şəxslər hələ uzun illər gənclərimizin təhsilinə əhəmiyyətli töhvə vermək iqtidarındadılar. Onlar qeyd etdiyim kimi, xaricdə təhsil alıblar, zamanla gənclərdən də yaxşı ayaqlaşırlar, pedaqoji və elmi naliyyətləri peşəkar çevrələrdə şübhə doğurmur. Bu cür şəxslər necə deyələr “qızıl fond”umuzu təşkil edirlər. Onlara dəyər verməklə özümüzə dəyər veririk, gənclərimiz üçün də müsbət örnəklər yaradırıq. Onları kənarda qoymaq, süni əngəllər yaratmaq, küsdürmək yalnız və yalnız bizi, mühitimizi, elmimizi zədələyir, nəsillər arasında rabitəni qırır, doldurula bilməyən boşluq yaradır”.

Son vaxtlar bir neçə dəfə bu cür hallarla qarşılaşdığını vurğulayan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti bununla bağlı müvafiq idarəetmə instansiyalarına öz fikirlərini çatdırdığını bildirib: “Hesab edirəm ki, bu mövzuda sosial şəbəkələrdə də müzakirə açmaqda fayda var. Bu müzakirələrin qeyd etdiyim problemi diqqət mərkəzinə gətirəcəyinə və həllinə töhfə verəcəyinə inanıram. Ona da qəti şəkildə inanıram ki, keçmişimizin, indikimizin uğurlu nəyi varsa sahib çıxmalıyıq”.

Vazeh BƏHRAMOĞLU