Ali Məhkəmə “Lider TV”nin şikayətini təmin etmədi – Müflis elan edilir

258

Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

“Report”un əldə etdiyi məlumata görə, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.