AKP-nin NÖVBƏTİ QURULTAYIDIR – Ərdoğandan yeni mesajlar + CANLI YAYIM (Yenilənib)

120

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara İdman Sarayında partiyasının böyük qurultayını keçirib və 2023-cü il prezident seçkilərinə hazırlaşmaq üçün AKP komandasını müəyyən edib. Türkiyə KİV-ləri xəbər verir ki, partiyanın qurultayına nümayəndələrlə yanaşı on minlərlə AKP üzvü və tərəfdarı da tamaşaçı qismində qatılıb. Nəticədə zal ağzınadək dolub.

Ərdoğan Ankarada yağan qarı xatırladaraq çıxışına bu sözlərlə başlayıb: “Sizləri qar yağışının bütün mikrobları təmizlədiyi bu anlamlı görüşdə ən səmimi duyğularla salamlayıram. Önümüzdə 2023 seçkiləri var. 2023-ə hazırıqmı? Bu gün edəcəyimiz nizamnamə dəyişikliyi ilə Mərkəzi icra komitəsinin (MKYK-Mərkəzi Karar Yürütmə Komissiyonu) üzvlərini 50-dən 75-ə qaldıracağıq. Ayrıca ehtiyat üzvlər də var, onlar da 35 nəfər, amma ehtiyatda qalmayacaqlar, həqiqi üzvlər kimi çalışacaqlar”.

Türkiyə prezidenti son günlər dolların bahalaşması ilə bağlı vətəndaşlara müraciət edib və deyib ki, əllərindəki valyutanı müxtəlif maliyyə alətlərinə yatıraraq iqtisadiyyata, istehsala yönəltsinlər. Ərdoğan Türkiyənin iqtisadi böhrana yuvarlandığını deyənlərə inanmamağa çağırıb, belələrini öz ölkələrinə qarşı düşmənçilik etməkdə günahlandırıb.

Ərdoğan habelə bildirib ki, 2023-cü il prezident seçkilərinə Cümhur ittifaqı (AKP və MHP) ilə gedəcəklər.

Qurultayın yekunu olaraq AKP rəhbərliyində ciddi kadr dəyişikliklərinin aparılacağı, daha sonra hökumətin tərkibinin də yenilənəcəyi gözlənilir. Qurultay hazırda davam edir.

 

 

***

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilir.

“AzPolitika.info” xəbər verir ki,  Ankarada baş tutan qurultayda hakim partiyanın yeni heyəti formalaşdırılacaq.

Bundan əlavə, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq.

Qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək, AKP-nin yeni nizamnaməsinin qəbul edilməsi gözlənilir.

Həmçinin Türkiyə Prezidenti,  AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan daxilə və xaricə yönəlik yeni mesajlar verəcək.