“AKADEMİK QƏTL” – İdris ABBASOV

1545

AKADEMİKLİYƏ GÖRƏ 2000 MANAT TƏQAÜD – lazımdırmı? BƏS CƏMİ 500 MANAT MAAŞ ALAN ELMLƏR DOKTORU UŞAQLARINI NECƏ DOLANDIRMALIDIR? Mən hələ müəllimi, həkimi, mühəndisi, jurnalisti, günəmuzd fəhləni və digər aztəminatlı sosial zümrələri demirəm! BÜTÜN ENERJİSİNİ FAYDALI ƏMƏYƏ SƏRF EDƏN ALİM HƏMKARI ACLIQ VƏ SƏFALƏTİN QOYNUNDA CAN ÇƏKİŞİRKƏN 3, 5, 7 MİN MANAT AYLIQ MAAŞI GƏLƏN AKADEMİKƏ ƏLAVƏ 2000 MANAT TƏQAÜD VERMƏK SOSİAL RİFAHA XİDMƏT SAYILA BİLMƏZ. BUNUN BİR ADI VAR: SOSİAL NATARAZLIQ! ALOGİKA! Dövlət hesabına olan təqaüd, adətən, tələbələrə, qocalara, əmək qabiliyyətini itirmiş əlillərə, ailə başçısını itirmişlərə və bu kateqoriyadan olan digər şəxslərə verilir. Diqqət etsəniz, bir neçə yerdən aldıqları vəzifə maaşlarından əlavə, dövlətdən 1200 manatdan tutumuş 2000 manata qədər təqaüd alan nəhəng akademiklər ordusu ölkənin ağır günlərində susur, ictimai yüklü məsələlərə heç bir reaksiya bildirmirlər. Bəzilərini (bunların içərisində kifayət qədər elmlər doktoru, professorlar da vardır), ümumiyyətlə, ölkənin taleyi maraqlandırmır, bir pay Vəzirov, bir pay Elçibəy, bir pay da indiki iqtidardan qopara-qopara günlərini, illərini yola verir, canlarına qulluq edir, kələk gəlir, uşaqlarına “gün” ağlayırlar. Dövlətdən ev qoparan kim, ad, titul, vəzifə, təqaüd, pul qoparan kim. Belə iş prinsipinə alışmış və “elmi” işlə məşğul olan bu “ziyalı” zümrəni xaqlın, ölkənin taleyi haradan maraqlandıracaq? Bir qismi də uşaqlarını ölkədən qaçırıblar. Ana Vətən belələri üçün, sadəcə, mayalanmaq məkanıdır. Ölkənin sərvətlərini yedirəcəkləri yadellillər də tapıblar. Vətəndaşlıq məsuliyyətini itirmiş mahiyyətsiz, qansız, vicdansız akademik-alimlərə ayda bu qədər təqaüd, əlavə vəzifələr, maaşlar, qrantlar, mükafatlar verilməsi cəmiyyəti ölümə itələmək deyilmi?! Qeyd. Bu yaxınlarda akademik-deputat İsa Həbibbəylinin ümumi aylıq maaşının təxminən 9700 manat olduğu bildirilib. Bu məbləğin 2000 manatı məhz akademikliyə görə verilən təqaüddür. Varmı ehtiyacı İsa müəllimin bu təqaüdə? Nəzərə alaq ki, onun himayəsində azyaşlı uşaq, şagird, tələbə də yoxdur. Halbuki himayəsində azyaşlı uşaqlar olan alim həmkarları 2000 manat təqüdün dörddə birini maaş qismində alır, ya almır. Bu ədalətsizliyə dözən ürəyə ürək demək olarmı? Ya belə vecsiz qəlblərə ziyalı adı yaraşırmı? Xalqın dərdinə yanmayan daşürəkli akademik kimə və nəyə lazımdır? Akademik İsa Həbibbəyli, qoy, gec də olsa, Milli Məclisdə deputat kimi məsələ qaldırsın, kasıb və zəhmətkeş, onun özündən qat-qat daha çox əməyə qatlaşan alim həmkarlarının nəfinə, heç olmasa, akademiklik təqaüdündən imtina etsin. Əminəm ki, onun bu təklifini Milli Məclisdəki digər akademik-deputatlar və alim-deputatlar dəsəkləyəcək və digərləri də analoji addım atacaqlar. Bir də ki, əmək qabiliyyətinizi itirməmisiniz ki, maşallah, 10 min manata yaxın aylıq qazanırsınız, deməli sazsınız. Qoyun təqaüdü kasıb və kimsəsizlər alsınlar, onlar da qarındolusu çörək yesinlər! İnsafınız olsun! Bütün problemləri bir nəfər Prezidentin üzərinə atmayın və vicdanınız olsun! Nə olar, təfəkkür tərzinizi azacıq da olsa, dəyişin. Heç bacarmırsınızsa, barı təqaüdə çıxıb 2-3 min manatınızı alın, istirahət edin, bağlı-bağatlı evlərinizdə nəvələrinizlə oynayın, gəzintiyə çıxın! İmkan verin, məhv etməyə çalışdığınız enerjili gənclik ölkəni irəli aparsın! Öldürməyin, didərgin salmayın onları, aclıqla, səfalətlə ləyaqətsizləşdirməyə cəhd etməyin!… Belə məsələləri siz qaldırmalısınız. Yoxsa 10 min manatı cibimə qoyum, digərləri ölsə də, ölsün, mənə nə?! Vallah, bunun hesabını verəcəksiniz. Ziyalılıq, alimlik postunu tutub ziaylılığı, ən əsası, məsuliyyəti qətl etdiyiniz üçün sizi acı əzab gözləyir! PS. Təkcə 2000 AZN akademiklik təqaüdü+ digər maaşlar = 9700 manat bir akademik-deputatın maaşı, digər qütbdə öz biliyi və elmi nailiyyəti ilə akademikdən heç də fərqlənməyən, bəzən ondan üstün töhfələrə imza atan alimlər isə cəmi 300-600 manat maaş və məşəqqətli həyat. GÖRÜNMƏMİŞ KONTRAST! Təsəvvür edin, qanunverici orqan da bunların əlində!

İdris Abbasov

Filologiya elmləri doktoru, professor