Ağcabədi sakinləri prokurorluğa müraciət etdi

237

Şikayətçilər yol tikintisində “yeyilən” milyonların araşdırılmasını tələb edirlər

Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi zamanı yol verilən pozuntularla bağlı redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanan “Yol tikintisində “yeyilən” milyonlar” başlıqlı məqaləmizdə Şükür Astanovun rəhbərlik etdiyi 6 saylı Regional Yol İstismar İdarəsinin qanunsuz əməllərindən söhbət açılırdı.

Redaksiyamıza daxil olan məlumata görə, Ağcabədi rayonun Avşar  kəndinin bir qrup sakini Şükür Astanovun rəhbərlik etdiyi 6 saylı Regional Yol İstismar İdarəsinin qanunsuz əməlləri və Avtomobil Yolları Dövlət Agentliyinin bu hallara göz yumması ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir: “Möhtərəm prezidentimiz İlham Əliyev ötən ilin iyun ayında Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda nəzərdə tutulan tikinti işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 6 saylı Regional Yol İstismar İdarəsinə həvalə edilib. Bu idarə isə Avşar kəndinə kimi olan 5.6 km yolun düz yarısı – 2.8 km köhnə yolun üzərinə yeni asfalt salınmaqla aparılır. Bundan başqa, yenicə tikintisi həyata keçirilmiş yolda çökmələr müşahidə olunur. Bununla bağlı Avşar Bələdiyyəsinin sədri Bulud Quliyev bizim müraciətimiz üzrə tikinti işlərinin bərbad vəziyyəti ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə müraciət edərək, yol verilən pozuntuların araşdırılmasını yoxlamağı xahiş etmişdi. Hətta bu məqsədlə Avşar Bələdiyyəsinin sədri bir ay əvvəl Bakıya gedərək Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevlə görüşmüş, Avşar kənd sakinlərinin şikayətlərini çatdırmışdır. Hüsnü Quliyev tədbir görəcəklərini vəd etsə də, bir ay keçməsinə baxmayaraq heç bir tədbir görülməyib”.

Müraciət müəllifləri Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisində yol verilən pozuntularla bağlı mətbuatda geniş məlumatların yayılmasından sonra da Avtomobil Yolları Dövlət Agentliyinin heç bir tədbir görülməməsini cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirirlər.

Sonda müraciət müəllifləri Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisində baş verən pozuntuların və Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin fəaliyyətinin araşdırılmasını xahiş edirlər.

Ağcabədi rayonun Avşar kəndinin bir qrup sakini Baş prokuror Kamran Əliyevə müraciətindən ciddi araşdırmaların aparılacağına ümid edirlər. Çünki söhbət milyonlara manat dövlət vəsaitinin taleyindən gedir.

Arzuman LOĞMANOĞLU