ADP rus sülhməramlılarının Dağlıq Qarabağda qələbə paradı keçirmək istəklərini qətiyyətlə pisləyir

42

Partiyanın İdarə Heyəti Azərbaycan hakimiyyətini belə bir hadisə baş verəcəyi təqdirdə qardaş Türkiyə və Pakistanla Şuşada hərbi parad keçirməyə çağırır

Ötən gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai və siyasi hadisələr müzakirə olunub.

İdarə Heyəti ötən həftə Rusiya prezidenti V.Putinin öz həmkarı Fransa prezidenti E.Makronla telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə etmələrini və yaxın vaxtlarda problemin həlli ilə bağlı Minsk qrupu çərçivəsində birgə təşəbbüslə çıxış edəcəkləri ilə bağlı məsələni müzakirə edib.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycanın iştirakı olmadan Dağlıq Qarabağ məsələsi ilə bağlı başqa dövlətlərin hər hansı bir müzakirə aparması dövlətlərin ərazi bütövlüyü və suverenliyi hüququ ilə ziddiyyət təşkil edir. Eyni zamanda qeyd edilib ki, ATƏT-in Minsk qrupu vaxtilə Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı yaranan münaqişənin sülh yolu ilə həll olunması üçün yaranan bir qurumdur, hazırda bu münaqişə olmadığına görə bu qurumun da fəaliyyətinə ehtiyac yoxdur, Dağlıq Qarabağdakı separatizm isə Azərbaycanın daxili işi kimi yalnız beynəlxalq hüquq normaları və ölkə Konstitusiyası ilə tənzimlənməlidir.

İdarə Heyəti Azərbaycanın son zamanlar Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa meyillənməsi məsələsini də müzakirə edib. Müzakirələrdə Azərbaycanın həmin qurumda hətta müşahidəçi statusunda iştirak etməsini Rusiyanın və Ermənistanın Azərbaycana münasibəti fövqündə yolverilməz hesab edib və Azərbaycan hökumətini həmin qurumda hətta müşahidəçi statusunda iştirak etməkdən belə çəkinməyə çağırıb.

İdarə Heyətində ötən həftə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı müzakirə olunan məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Müzakirələrdə Amerika-Azərbaycan arasında əlaqələrin qurulmasında və inkişaf etdirilməsində ABŞ-ın qardaş Türkiyəyə münasibətin nəzərə alınmasının vacibliyi qeyd edilib.

Müzakirələrdə Azərbaycanın Silk Vey Qrup şirkəti tərəfindən 5 ədəd «Boinq» yük hava gəmilərinin alınması məsələsi də müzakirə edilib və ölkədəki indiki ağır sosial-iqtisadi vəziyyətdə bu təyyarələrin alınmasında Silk Vey Qrup şirkətinə kreditlərin verilməsinə dövlətin zəmanət durmasının yolverilməz olduğu bildirilib.

Müzakirələrdə Dağlıq Qarabağda aparılan təmir və quruculuq işlərinə diqqət çəkən partiya yetkililəri bu sahədə şəffaflığın təmin edilməsinin, həmin ərazilərdə bərpa işlərində Azərbaycan və Türk şirkətlərinə üstünlük verilməsinin vacibliyini bildiriblər.

İdarə Heyəti son zamanlar cəmiyyətdə əlillik dərəcələrinin müəyyən edilməsi ilə bağlı yaranan narahatlıqlara da diqqət çəkib, uzun illər saxta əsaslarla verilən əlillik dərəcələrinin ləğv olunmasını təqdir edib, eyni zamanda həqiqətən əlil olan vətəndaşların sosial müdafiədən kənarda qalmasını da qətiyyətlə pisləyib, müvafiq dövlət qurumlarını bu sahədə olan bürokratik əngəlləri aradan qaldırmağa və əliliyin təyin olunmasında beynəlxalq praktikanı tətbiq etməyə çağırıb.

Müzakirələrdə bir daha “Tərtər işi”nə diqqət çəkən partiya yetkililəri adı çəkilən hadisə ilə bağlı cəmiyyətdə artan narazılıqların dövlətin nüfuzunu ciddi zədələndiyini nəzərə alaraq bu məsələnin obyektiv və hərtəfli araşdırılması üçün ictimai komissiyanın yaradılmasının vacibliyini qeyd edib.

İdarə Heyəti həmçinin Şuşada Türkiyənin konsulluq açacağı ilə bağlı məlumatı da müzakirə edərək bu təşəbbüsü təqdir edib və Pakistan dövlətinin də Şuşada konsulluğunun açılmasının məqsədə müvafiq iolduğunu bildirilib.

İdarə Heyəti Dağlıq Qarabağda olan rus sülhməramlılarının 9 mayda qələbə paradı keçirmək istəklərini qətiyyətlə pisləyib və hesab edib ki, orada olan qoşun beynəlxalq missiya həyata keçirdiyindən, Rusiya qoşunu kimi hər hansı bir hərbi paradı keçirə bilməz. İdarə Heyəti Azərbaycan hakimiyyətini belə bir hadisə baş verəcəyi təqdirdə qardaş Türkiyə və Pakistanla Şuşada hərbi parad keçirməyə çağırıb.

Valeh TÜRKSOY