ADP ölkədə qiymətlərin süni yollarla artırılmasına etiraz etdi

612

Partiya hakimiyyəti monopolistlərə qarşı lazımi addımlar atmağa çağırdı

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçları ilk növbədə ABŞ Senatının Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyə görə T.Ərdoğana və Türkiyəyə sanksiyalar tətbiq olunmasının gündəmə gətirilməsini qardaş ölkənin suverenliyinə qarşı yönələn addım kimi dəyərləndirib və ABŞ-ın yeni administrasiyasını bu cür yanlış hərəkətlərdən çəkinməyə, Türkiyənin istər Dağlıq Qarabağ problemində, istərsə də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması istiqamətində müsbət rolunu nəzərə almağa çağırıb.

İdarə Heyəti Ermənistan KİV-də Azərbaycanın dövlət nümayəndəsinin Rusiya sülhməramlılarına başçılıq edən R.Muradovun vasitəçiliyi ilə qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri A.Arutiyanla görüş keçirməsi ilə bağlı yayılan məlumatdan narahatlığını ifadə edib və hakimiyyəti bununla bağlı cəmiyyətə ətraflı, obyektiv məlumat verməyə çağırmaqla rus sülhməramlılarının iştirakı ilə keçiriləcək istənilən görüşdə monitorinq mərkəzində təmsil olunan Türkiyənin iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar korrupsiya faktlarına görə keçirilən həbslərə münasibət bildirib və korrupsiya ilə aparılan mübarizədə şəffaflığın təmin edilməsini, dövlətə dəyən ziyanın ödənilməsini, korrupsionerlərin əldə etdikləri mal və mülkün milliləşdirilməsini, korrupsiyanı doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini vacib hesab edib.

İdarə Heyəti Türkiyə və Azərbaycan ordularının Qars bölgəsində birgə keçirdiyi qış hərbi təlimlərinin əhəmiyyətini müsbət dəyərləndirib, ordumuzun hazırlıq səviyyəsinin yüksəldilməsinə, təcavüzkar Ermənistan tərəfindən gözlənilən istənilən hərbi təhlükənin aradan qaldırılmasına xidmət edən bu cür təlimlərin mütəmadi olaraq keçirilməsinə ehtiyac duyulduğunu qeyd edib. O da bildirilib ki, iki ölkə arasında vahid ordu yaradana qədər bu cür birgə hərbi təlimlərin davamlı keçirilməsi ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə qaldırılmasına töhfə olmalıdır.

İdarə Heyəti PKK terror təşkilatının 13 nəfər Türk vətəndaşının qətlə yetirməsini qətiyyətlə pisləyib və bütün beynəlxalq təşkilatları dünya üçün təhdid mənbəyi olan terrora qarşı mübarizədə səylərini birləşdirməyə, PKK-nın Suriya uzantısı olan digər terror qruplarına qarşı Türkiyənin apardığı mübarizədə ona dəstəkçisi olmağa çağırıb.

İdarə Heyəti son vaxtlar gündəlik təlabat malları da daxil olmaqla bir sıra vacib sahələrdə qiymət artımının davam etməsindən dolayı xalqın sosial iqtisadi güzəranının daha da ağırlaşmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu situasiyadan istifadə edən möhtəkirlərə, orta və kiçik iş adamlarının fəaliyyətini süni şəkildə məhdudlaşdıran  monopolistlərə qarşı lazımi addımlar atmağa çağırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün islahatlar paketi hazırlamağa çağırıb.

Xatırladaq ki, ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib.

Fed.az xəbər verir ki, bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir. Bahalaşan malların siyahısına «Azersun» şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).

«Azərsun», «Avrora» və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).

Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).

«Avrora» şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (bahalaşma 13%).

Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (bahalaşma 13-20%)

Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (bahalaşma 8-10%).

Natural meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. «Natura» «Vita1000» markkalı meyvə şirələrinin qiyməti 1,34 manatdan 1,45 manata yüksəlib (bahalaşma 8%).

Hətta «Coca-Cola» içkisinin qiymətində də artım baş verib. Baxmayaraq ki, bir qədər əvvəl suyun qiymətinin artımı şirə istehsalçılarına şamil edilməmişdi. Beləliklə, 2 litrlik «Coca-Cola»nın qiyməti 1,4 manatdan 1,5 manata yüksəlib (bahalaşma 7%).

 

Hazırladı: KƏNAN