ADP-dən Sergey Mironovun fikirlərinə sərt reaksiya

69

“Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn çağırışdır”

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti son vaxtlar qardaş Türkiyə ilə post-sovet məkanına daxil olan bir sıra türk respublikaları arasında hərbi əməkdaşlığa dair əldə edilən razılaşmaların yaranacaq türk birliyi üçün ciddi önəm daşıdığını, vahid türk birliyinin türk dünyasına qarşı yönələn güclərə alternativ güc olduğunu qeyd edib və hakimiyyəti türk dövlətləri ilə hər cür hərbi, siyasi, iqtisadi, mədəni əməkdaşlıq istiqamətində ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti Dağlıq Qarabağın qondarma “parlamenti”nin rus dilinin ikinci dövlət dili kimi qəbul etdiyi qərarı və bu qərara orada fəaliyyət göstərən rus sülhməramlılarının loyal münasibət bəsləməsini, həmçinin “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironovun postsovet məkanındakı bir sıra münaqişəli zonalar hesabına Rusiya ərazilərinin genişləndirilməsi barədə səsləndirdiyi fikirləri Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn çağırış kimi dəyərləndirib. ADP belə hesab edir ki, 9 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmadan sonra Rusiyanın Dağlıq Qarabağ ərazisində separatçı rejimi açıq şəkildə dəstəkləyən istənilən addımı diqqətdən yayınmamalı, adı çəkilən dövlətin imperiya niyyətlərindən irəli gələn ambisiyalarına adekvat reaksiya verilməli və beynəlxalq ictimaiyyət onun işğalçılıq siyasətini cilovlamalıdır.

İdarə Heyəti Azərbaycan hökuməti tərəfindən Avropa Şurasının üzvü olan Almaniyanın bir deputatının ələ alınmasına görə 4 milyon avro rüşvət verilməsi faktının aşkarlanması məsələsinə münasibət bildirib və ölkəmizin adının beynəlxalq korrupsiyada hallanmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu faktın araşdırılması istiqamətində lazımı tədbirlər görməyə çağırıb.

İdarə Heyəti son vaxtlar “Tərtər işi” adı altında ordumuzda baş verən cinayət hadisəsi ətrafinda cəmiyyətdə yaranan narahatlıqları, bu cinayəti törədən hərbiçilərin hələ də cəzasız qalmasını nəzərə alaraq ölkə prezidentini ordumuzun nüfuzunu aşağı salmağa yönələn bu çirkin cinayəti törədənləri cəzalandırmağa, eyni zamanda illər keçməsinə baxmayaraq ordu rəhbərliyinin baş verən cinayət aktına görə heç bir ciddi tədbir görmədiyinə görə Müdafiə Naziri Z.Həsənovu tutduğu vəzifədən istefa verməyə çağırıb.

 

Hazırladı: KƏNAN