ADIN MƏNASI    

192

“Platon”  adının mənasını yazmışdıq:  –  “ENLİALIN.”  Bu söz həqiqətən bu nəhəng təfəkkür sahibinə yaraşır.

Ümumiyyətlə, adın  mənasıyla sahibi  arasında oxşarlıq, uyğunluq ya birbaşa, ya da əksinə, ironik olur. Əgər ad sahibi adi, içiboş kütlə adamıdırsa, şah da olsa, adı heç bir məna kəsb etmir. Lakin hansı bir sahədəsə tarixdə iz qoyan şəxslərin adıyla xarakterinin, taleyinin mütləq müəyyən bir bağlılığı olur. Bunu saysız nümunələrlə sübut etmək mümkündür. Çox təəssüf ki, mən ərəb,  yunan adlarının mənasını bilmirəm. Adətən, ailədə  uşağın dünyaya gəlməsi xoşbəxt hadisə sayıldığına görə  uşağa məzmunca xoş, müsbət, xeyirli məna daşıyan ad qoyurlar. Əlbəttə  intellekt cəhətdən seçilən ailələrdə. Adi ailələrdə isə  uşağa nə gəldi, hətta tamamilə müəyyən təsadüflə bağlı olan ad qoyurlar. Xüsusən də azərbaycanlı ailələrində. Məsələn, mənim bir dostum vardı, bilmirəm sağdır ya yox, sərhəd kəndində dünyaya gəldiyi üçün adını Sərhəd qoymuşdular. Yaxud da tələbəlik dövründə bir tanışımız vardı, adı Aşot idi,  yox, erməni-zad deyildi, təmiz azərbaycanlı idi, sadəcə görünür atası ona erməni dostunun adını qoyubmuş. Bu cür adlar saysız-hesabsızdır və onlardan bəhs etməyə dəyməz. Hərçənd  ki, Sərhəd pis şair deyildi, üstəlik fars dilindən tərcümələr də edirdi.

Eləcə mənim də adımın tarixçəsi  var. Atamın ad qoymaq üçün dəvət etdiyi molla həzrət Əlinin adını götürüb ona daha bir ad qoşmaq üçün “Quran”ı açıb. Ordan İsa adı çıxıb. Bu iki ad birləşdirilərək mənim adım əmələ gəlib. Azərbaycan dilinin qrammatikasında iki eyni sait yanaşı olanda onlardan biri ixtisar olunur.

Oğlumun  adını isə dahi Üzeyir Hacıbəyovun xatirəsinə, onun şərəfinə qoymuşam. Hətta deyilənə görə peyğəmbərlərdən birinin adı olub.  Mənşəcə ərəb sözüdür.

Aydındır ki, xarakterimdə, taleyimdə bu iki hədsiz nəhəng tarixi simanın xarakteri və taleyi arasında müəyyən uyğunluq göz qabağındadır.

Gəlirik mətləb üstünə. Həyatımın son 30 ilində ən çox sevdiyim filosof olan Aristotelin adının mənasını yəqin ki, çox az adam bilir. Mənası “xoşbəxt sonluq” deməkdir. Bəs bu ad nə dərəcədə özünü doğruldur? 62 yaşında təqibdən qurtarmaq, məhkəməyə düşüb ittiham olunmaqdan qaçıb xilas olmaq üçün Xalkida adasına gələn filosof burada zəhərli  bitki suyu içib  ölmüşdür. Lakin adətən, bu faktın  üstündən keçməyi daha üstün hesab edirlər.

Deyə bilərsiz  ki daha bunun harası xoşbəxt sonluq oldu? Lakin axı, insan ömrünün azlığı və ya çoxluğu öz-özlüyündə elə bir dərin əhəmiyyət daşımır və bunun  tale ilə, qismətlə heç bir əlaqəsi yoxdur. Gün ərzində dünyada nə qədər uşaq müxtəlif səbəblərdən ölür, öldürülür.  Əlini və ya ayağını basıb öldürdüyün qarışqa kimi insan ömrü də adi, təsadüfi və mənasız bir hadisə deyilmi?

Amma söhbət Aristotel kimi fövqəlbəşər bir insandan, bütün bəşəriyyətin müəllimi sayılan bir fərddən, bir şəxsiyyətdən getdiyinə görə, onun adının mənası da təsadüfi ola bilməz.

Əslində Aristoteli, şagirdi Makedoniyalı İskəndərə bənzətmək olar. Çünki o da, bu da dünyanı fəth edib. Əlbəttə,  biri sərkərdəlik dühası, o biri isə elm və zəkası ilə.

Aristotel həcminin böyük-kiçikliyindən asılı olmayaraq 154 əsər yazmışdır. Bunların təqribən 12-si  bizim günlərə gəlib çatmışdır. Kim bilir, İsgəndəriyyə kitabxanasında yandırılıb kül olan həmin əlyazma kitablarında   böyük zəka insanları necə  ağlasığmaz sirlərin, həqiqətlərin mənasını  bilməkdən məhrum olublar.

Lakin hətta dahi mütəfəkkirin tək, bircə “Metafizika”sı  qalsaydı belə, yenə dünyanın birinci filosofu olmaq üçün kifayət edəcəkdi. Təsəvvür edin,  400-450 səhifəlik bu kitabın, bu əsərin   hər kəlməsinə  Avropanın fəlsəfə tarixçiləri nə qədər müxtəlif izahlar, şərhlər  yazmış, yazılar həsr etmişlər. Çünki hər sözün dərin, elmi-fəlsəfi mənası var. Ona görə hansı yaşda, necə ölməsindən asılı olmayaraq Aristoteli  və eləcə digər dahi mütəfəkkirləri dünyanın ən xoşbəxt insanları hesab etmək olar.  Necə ki, Nitşenin 56, Kafkanın isə 41 il, Çexovun 44 il, yaxud bizim Asəf Zeynallının 23 il yaşamasının və hər üçünü, ağır xəstəlikdən vəfat etmələrindən asılı olmayaraq xoşbəxt ömür sahibi adlandırmaq olar. Çünki adları nə qədər bəşəriyyət var, zəkalı, zövqlü, ləyaqətli insanların  dilinin əzbəri olacaqdır.

Əlisa  NİCAT

AT