Abxaziyanın ermənipərəst canfəşanlığı: Şimal-Cənub nəqliyyat dəhlizinə alternativ layihə baş tutacaqmı?

288

Abxaziya parlamenti Rusiya Dövlət Dumasına Rusiya və Ermənistan arasında dəmir yolu rabitəsinin açılması ilə əlaqədar müraciət edib. 
 
Ovqat.com-un məlumatına görə, müraciətdə Abxaziyanın öz üzərindən keçməsini təklif etdiyi layihədə “paritet əsaslarla” yer almağa hazır olduğu vurğulanır.

Abxaziyanın “müstəqilliyi” Rusiya tərəfindən dəstəklənən Gürcüstan torpağı olduğunu nəzərə alsaq, bu təklifin həyata keçməsi bir o qədər də mümkün görünmür. Nədən ki, 2008-ci ildə Abxaziyanın müstəqilliyini tanıması və Cənubi Osetaiyanın işğalından sonra Rusiya ilə Gürcüstan arasındakı iqtisadi və kommunikasiya əlaqələri kəsilmiş, Moskvanın Cənubi Qafqaza girişi böyük ölçüdə durdurulmuşdu. Məhz bu hadisədən sonra Tbilisi Qərbə inteqrasiya prosesinə daha aktiv şəkildə qoşulmuşdu. NATO qüvvələrinin Qara dənizdə mövqelərini məhkəmləndirməyə çalışdığı indiki məqamda Gürcüstanın işğalçı Rusiya ilə kommunikasiya əlaqələrini bərpa etməsi strateji müttəfiqlərinə arxa çevirmək olar ki, Tbilisinin baxımından, bu böyük fədakarlığa getmək üçün heç bir əsas yoxdur. Bəlkə Abxaziya öz qondarma “müstəqilliyi”ndən vaz keçərsə, bu barədə hardasa düşünməyə dəyər. Abxaziya isə təklif etdiyi dəmiryolu layihəsində “paritet əsaslarla yer almaq” xülyasındadır.

Görünür, Abxaziya Muxtar Vilayəti Gürcüstandan ayrılıb Moskvanın qanadları altına girərkən ağ günə çıxacağını zənn edirdi. “Müstəqilliy”inin ilk günlərində həqiqətən də Kreml ona yaxşı kreditlər ayırır və Cənubi Qafqaza yollarını açan bu diyarı “mükafat”landırırdı. İndisə Abxaziya “köhnəlmiş” müttəfiqdir və Rusiya heç öz başına çarə qıla bilmir. Bunun əvəzində isə Gürcüstan Qərbə inteqrasiyanın müsbət nəticələrini görür və iqtisadi cəhətdən getdikcə çiçəklənir. Abxaziya da bu prosesə qoşulmaq üçün artıq heç kimə lazım olmayan geosiyasi əhəmiyyətini qabartmağa çalışır.

Maraqlıdır ki, Abxaziya parlamentinin Ermənistan üçün “kəsdiyi əriştə” İrəvanda belə, qarın doyurmur.  Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyanın NEWS.am saytına verdiyi açıqlama bunun ən bariz nümunəsidir.

Qəribədir ki, Ruben Safrastyan bu məsələdə separatizmi dəstəkləməklə Ermənistanı və Abxaziyanı ağlar günə qoyan Rusiyanı yox, Azərbaycan və Türkiyə ittifaqını günahkar görür. Onun fikrincə, Abxaziyadan Ermənistana “çəkiləcək” xəyali dəmir yolunun qarşısını almaq üçün hər hansı bir danışıqlar başlasa, Türkiyə və Azərbaycan Gürcüstana təzyiq göstərəcək: “Həm Ankaranın, həm də Bakının bunun üçün ciddi təsir imkanları var və əlbəttə ki, onlardan istifadə edəcəklər”.

Erməni türkoloq Türkiyə-Azərbaycan ittifaqının təzyiq imkanlarını belə şərh edib: “Türkiyə Gürcüstanın iqtisadiyyatına ciddi təsir imkanına malikdir və Azərbaycan da Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində yaşayan azərbaycanlıların faktorundan istifadə edərək təzyiq göstərə bilər”.

Bununla belə, ekspert Abxaziyadan Rusiyaya gedən dəmir yolunun Ermənistan üçün çox vacib olduğunu da gizlətməyib.

Türkiyənin Gürcüstan üzərindən Azərbaycanla əlaqəsi olduğunu və eyni zamanda Meqri vasitəsi ilə bu əlaqəni daha da genişləndirməyə ciddi maraq göstərdiyini qeyd edən Ruben Safrastyan bu siyasətin Pan-Türkçülük ideyalardan irəli gəldiyini düşünür. “Bu, Ermənistandan Ankara üçün dəmir yolunun açılmasının Pan-Türkçülük ideyasının həyata keçirilməsi baxımından iqtisadi deyil, siyasi hədəflərlə əlaqəli olduğunu göstərir. Syunik (Zəngəzur-Ovqat.com) bölgəsindən keçən yol da hərbi yüklərin və personalın Azərbaycan ərazisinə köçürülməsi baxımından Türkiyə üçün ciddi hərbi əhəmiyyətə malikdir”, – Safrastyan belə deyib.

Ermənistanın Pan-Türkçü proqramlar həyata keçirən iki dövlətin təzyiqi altında olmasına baxmayaraq, bu istəklərə qarşı hər cür mübarizə aparmasının vacibliyinə inanan erməni türkoloq belə çətin vəziyyətdə İranın mərhəmətinə bel bağlamağı məsləhət görür.

“Hadisələrin bu inkişafından Tehran da narahatdır. Amma Azərbaycan və Türkiyə ittifaqı İran-Ermənistan arasındakı mümkün bir dəmir yolu əlaqəsinin qurulmasına da mane ola bilər”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ilin 9 noyabrında imzaladıqları atəşkəs Bəyannaməsi həm İrəvanın, həm də Suxuminin bütün ümidlərini alt-üst etdi. Bəyannaməyə əsasən kommunikasiya əlaqələrinin açılması təkcə Türkiyənin Orta Asiyaya açılan yeni qapısı olmaqla qalmır, həm də İranla Rusiya arasında qurulması planlaşdırılan Cənub-Şimal nəqliyyat dəhlizinin əsasını qoyur. İstər Ermənistan, istərsə də Abxaziya isə bu nəqliyyat dəhlizinin öz üzərlərindən keçməsini arzulayır və buna iqtisadi imkanlarını genişləndirmək perspektivi kimi baxırlar.

Faktiki olaraq Azərbaycanın Cənub-Şimal nəqliyyat dəhlizinə alternativ kimi irəli sürülən Rusiya-Abxasiya-Gürcüstan-İran marşrutu əslində Tehran tərəfindən də məqbul görünürdü. Zira Ermənistan vasitəsilə Gürcüstana çıxan İran Qara dənizə açıla və Avropa ölkələri ilə də ən qısa yol əldə edə bilərdi.

Di gəl ki, bu maşrutda Gürcüstan-Rusiya konflikti keçilməz sədd kimi dayanır. Saakaşvili hakimiyyəti dövründə Qərbə inteqrasiya xətti tutmuş Tbilisini cəzalandırmaq üçün Abxaziyadakı separatçı qüvvələri dəstəkləyən Rusiya 2008-ci ildə onun müstəqilliyini tanıdı. Nəticədə Cənub-Şimal nəqliyyat dəhlizinə alternativ olaraq düşünülən bu xətdə Gürcüstan boşluğu meydana gəldi. Bu boşluq yarandıqdan sonra Moskvanın da sözügedən dəmiryolu xəttinə marağı azaldı. Çünki İran-Ermənistan-Gürcüstan arasında çəkilməsi planlaşdırılan dəmiryolu xətti Moskvaya yox, Avropaya çıxış imkanı əldə etdiyi üçün Tehrana yarayacaqdı. Moskva isə hər tərəfdən əli-qolu bağlanmış İranın Avropaya çıxışına o qədər də isti baxmırdı.

Bəlkə də elə bu səbəbdən Moskva da Ermənistan və İranla kommunikasiya əlaqələrinin qurulmasında Azərbaycan variantına üstünlük verdi və 9 noyabr tarixli üçtərəfli bəyanatda da bununla əlaqədar ilkin razılıq öz əksini tapdı.

Heydər Oğuz,
Ovqat.com