Abutalıbovun “sağ əli”nin həbsinin təfərrüatları

69

Baş Prokurorluq Rasim Quliyevin həbsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməsi hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılan istintaqla Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH ) başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilən BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləyən Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub”.

“Qeyd edilənlər nəzərə alınmaqla Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir, – Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Bakının sabiq meri Hacıbala Abutalıbovun uzun müddət üz-araya çıxmadığı, gözə görünmədiyi halda, bir neçə gün əvvəl mətbuata geniş və belə demək mümkünsə, səmimi müsahibə verməsi ciddi şübhələrə yol açmışdı.

Həmin vaxt mətbuatda “Abutalıbovun da qapısı döyülür?”, – deyə, iddialar səslənmişdi. İddia olunurdu ki, belə müsahibələr təsadüfən verilmir və adətən nəyəsə hesablanır.

Əslində, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbovun da olması, həmçinin onun adının yeni yaradılan Veteranlar Şurasına salınmaması sabiq mer üçün həyacan siqnalı idi.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “məşhər ayağına” çəkilməsi Abutalıbovu da narahat etməyə bilməzdi. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibə təsadüfi deyildi.

Həmin müsahibədə hakimiyyətə bir çox mesajlar verilir, Abutalıbovun sadə, mütəvazi həyat sürdüyü, oğlanlarınınsa elə bir böyük biznesinin olmadığı, sadəcə “başlarını aşağı salıb çörək qazandığı” görüntüsü yaradılırdı.

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına dair rəsmi məlumat yayılandan sonra Abutalıbovun sözügedən müsahibəsinin təsadüfi olmadığı təsdiqləndi. Necə deyərlər, “xoruzun quyruğu göründü”. Belə ki, Rasim Quliyev məhz Hacıbala Abutalıbovun istəyi və əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib. Yəni bu şəxsin Abutalıbovun adamı olduğu şübhə doğurmur.

İndi isə sabiq merin “sağ əli” olan bu şəxsin cinayət işində Abutalıbovun adının ən başda keçəcəyi şübhəsizdir. Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.

Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək, çünki belə vəzifələrdə oturanlar adətən “kassir” rolunu oynayır və heç nəyi “şefin”, yəni bu halda Abutalıbovun xəbəri olmadan edə bilməz.

İndi istintaqın gedişini gözləmək qalır. Görək, hər kəsin bildiyi və gördüyü korrupsiya cinayətləri obyektiv araşdırılaraq üzə çıxarılacaq, yoxsa iş elə Rasim Quliyev səviyyəsindəcə bağlanacaqmı?

Hazırladı: İ.SABİRQIZI