Abşeronda qonşusunun ağaclarına qənim kəsilən şəxslərlə bağlı nazirlikdən rəsmi açıqlama

87

Abşeron rayonu Xırdalan qəsəbəsinin sakini, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi təyinatlı dəstəsinin sabiq zabiti Asif Aydın oğlu Lətifovun qonşusu Mirsahib Seyidov və ailəsi tərəfindən hücumlara məruz qalmasıyla bağlı ötən buraxılışımızda məlumat vermişdik. Belə ki, 45 ildir “pivə zavod”un binasında yaşayan şikayətçi, qonşusu Mirsahib Seyidovun qanunsuz tikinti aparmasından sonra məhkəmə orqanlarına müraciət edib.

Məhkəmə Asif Lətifovun şikayətini təmin edir. Lakin məhkəmə iddiasıyla razılaşmayan qarşı tərəf Mirsahib Seyidov və ailəsi Asif Lətifovun evinə hücum etmiş və onu öldürməklə hədələyiblər. Daha sonra isə Asif Lətifovun əkdiyi ağacları çıxarıb, yerinə kimyəvi maddə töküblər.

Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyindən Hurriyyet.az-a bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub. Nazirliyin əməkdaşları tərəfindən faktla bağlı akt tərtib edilib:

“Şikayət yerində araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib”.

YƏHYA