ABŞ qarın qarşısında aciz qaldı – 21 nəfər həlak oldu, 170 milyon insan…

327

Şəhərlər qaranlığa qərq olub, insanlar donaraq ölür, tibb məntəqələri işləyə bilmir

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Kanada ilə sərhədindən Meksika ilə sərhədinə qədər ölkənin mərkəzi və cənubi rayonlarında 170 milyon nəfər əhalinin gündəlik həyatına təsir etmiş qar, buz, dondurucu soyuqlar insan itkisinə, elektrik və istilik problemlərinə səbəb olub.

Texas, Luiziana, Kentukki və Missuri ştatlarında ən azı 21 nəfər soyuqdan ölüb.

Mənfi 18 dərəcə temperaturun hökm sürdüyü, son 30 ilin ən soyuq günlərini yaşayan Texasda milyonlarla insan elektrik enerjisinin kəsilməsi səbəbindən istilik problemi ilə üz-üzə qalıb. “Röyters” agentliyinin məlumatına görə, hazırda 1,4 milyon əhalisi olan Hyuston şəhəri başda olmaqla, ştat ərazisində 4 milyon nəfərdən artıq istehlakçı elektrik enerjisindən məhrum olub. Dallas şəhərində evlərin dörddə biri qaranlığa qərq olub.

Həftə sonuna qədər hava şəraitinin düzəlməsi gözlənilmir. Dondurucu soyuqlar, çovğun Kovid-19 peyvənd proqramının həyata keçirilməsinə də əngəl olub.

Prezident Cozef Bayden soyuğun əsarətində qalmış ştatlara federal yardıma hazır olduqlarını bildirib.

Meteoroloqların xəbərdarlıqlarına rəğmən, tədbirlər görülmədiyi üçün enerji strukturunda böyük çatışmazlıqların olması müzakirələrə səbəb olub.

Texasla yanaşı, Minnesotada (-39 dərəcə), Kanzasda (-34) və Cənubi Dakotada (-26) son illərdəki ən aşağı temperaturlar qeydə alınıb.