ABŞ İrana qarşı sanksiyaları dayandırır? “Masaya oturmağa hazırıq”

543

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın yeni iqtidarı keçmiş prezident Donald Tramp dövründə İrana qarşı tətbiq edilən sanksiyaları yeniləmək qərarını təxirə salıb.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Tramp iqtidarının verdiyi qərarın ləğv edildiyini bildirib.

ABŞ-ın Xarici İşlər naziri Entoni Blinkenin “İranın nüvə müqaviləsi çərçivəsində öhdəliklərini tam olaraq yerinə yetirəcəyi halda ABŞ-ın da eyni addım atacağı və İran ilə danışıqlara hazır olduğu” açıqlamasından sonra XİN mətbuat katibi Ned Prais məsələ ilə bağlı növbəti bəyanat verib. Açıqlamada deyilir: “ABŞ tərəfi İranın nüvə proqramı ilə bağlı atılacaq diplomatik addımları müzakirə eləmək məqsədi ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin + Almanya) ilə birlikdə İranın da iştirak edəcəyi iclasla bağlı Avropa İttifaqının ali nümayəndəsindən gəlməsi gözlənilən dəvəti qəbul edəcək”.

Bəlli olduğu kimi, 2018-ci il mayın 8-də o zamankı ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanmış nüvə müqaviləsini tərk elədiklərini bəyan eləmişdi.