ABŞ hərbçiləri də daxil olmaqla, NATO ordusu Əfqanıstanı tərk edir

45

Hurriyyet.org xəbər verir ki, ABŞ və NATO hərbçilərinin  Əfqanıstandan çıxarılması prosesi bu gün rəsmən başlayıb. Hərbçilər mərhələli şəkildə ölkəni tərk edəcəklər.

Əfqanıstandakı ABŞ hərbçilərinin sayının 2500-3000 nəfər, ABŞ hərbçiləri də daxil olmaqla, ümumi NATO əməkdaşlarının sayının 7 min nəfərə yaxın olduğu təxmin edilir.

ABŞ Prezidenti Cozef Bayden 15 aprel tarixindəki açıqlamasında 1 may tarixindən etibarən NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin başladılacağını, Əfqanıstanın işğalının ildönümü olan 11 senytabr tarixindən əvvəl bütün hərbi qüvvələrin ölkəni tərk edəcəyini bildirmişdi.

ABŞ və NATO müttəfiqləri 11 sentyabr hücumlarının törədilməsində ittiham edilən Əl-Qaidə təşkilatının yaraqlılarının gizlədildiyi bəhanəsi ilə 2 oktyabr 2001-ci il tarixində Əfqanıstanı işğal eləmişdilər.

ABŞ-ın Braun Universitetinin “Müharibə xərcləri” layihəsi çərçivəsindəki hesablamalara görə, 20 il davam edən müharibə üçün 2 trilyon dollardan artıq pul xərclənib.

İşğal müharibəsi dövründə ABŞ-ın 2 442 nəfər hərbçisi ölüb, 20 666 hərbçisi yaralanıb, 1 144 NATO əməkdaşı həyatını itirib.