ABŞ-dan açıqlama: “Tarixi həqiqətdir, İsrail işğal edib”

192

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN mətbuat katibi Ned Prays gündəlik mətbuat konfransında  ABŞ-ın İordan çayının qərb sahilinin statusuna münasibəti barəsində sualın cavabında deyib: “İsrailin 1967-ci il müharibəsindən sonra İordan çayının qərb sahilini, Qəzzanı və Golan təpələrini işğal eləməsi tarixi həqiqətdir. Məhz buna görə də 2020-ci il İnsan Hüquqları Hesabatında da İordan çayının qərb sahili ilə bağlı bu ifadədən istifadə olunub. Keçmiş iqtidarlar da məsələ ilə bağlı eyni mövqedə olublar. İordan çayının qərb sahilinin işğal altında olduğunu düşünürükmü? Bəli. Biz “işğala dərhal son qoyulsun” çağırışı etmirik. Bu məsələ ikidövlətlilik yolu ilə həll olunmalıdır”.

Donald Tramp iqtidarı ötənilki insan hüquqları hesabatının İsrail ilə bağlı hissəsində “işğal altındakı” ifadəsini ləğv eləmiş, əvəzində “İsrail, İordan çayının qərb sahili və Qəzza” ifadəsini gətirmişdi. Bayden hökumətinin insan hüquqları ilə bağlı hesabatında başlıqdakı “İsrail, İordan çayının qərb sahili və Qəzza” ifadəsi olduğu kimi saxlanılıb, mətndə isə İordan çayının qərb sahilinin qarşısına “işğal altındakı” ifadəsi yenidən əlavə edilib”.

Prays deyib: “İsrail yeni yaşayış məntəqələri məsələsində gərginliyi artıracaq və ikidövlətli həll üçün səyləri zəiflədəcək birtərəfli addımlar atmaqdan çəkinməlidir”. Prays Fələstin tərəfini də gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.