ABŞ-da qondarma “soyqırımı” iddiası – Baydenə təzyiqlər artır

27

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenə seçki prosesində dəstək verən erməni lobbisi aprel ayı ərəfəsində fəallaşıb. Baydenin 24 aprel tarixində ermənilərə şirin görünmək üçün “soyqırımı” ifadəsindən istifadə eləyəcəyi iddiası Türkiyədə narahatlığa səbəb olub.

Türkiyənin “Yeni Şafak” nəşrinin verdiyi xəbərə görə, Vaşinqton kulislərindən gələn mesajlardan Ankara normallaşma səylərinin artdığı bir dövrdə belə bir addımın səbəb olacağı böhrana qarşı tədbir görmək üçün arxa qapı diplomatiyasını gücləndirib. Ankaranın diplomatik kanallar vasitəsi ilə göndərdiyi mesajların Prezident Baydenə çatdırdığı bildirilir.

Əldə edilən məlumata görə, Bayden iqtidarı Ağ Evin qondarma “soyqırımı” ifadəsinin istifadə edilməsinə dair bir qərarının olmadığını Ankaraya çatdırıb. Lakin erməni lobbisinin mümkün təzyiqinə qarşı xəbərdarlıq edilir.

Məsələ Türkiyə Prezidentinin Mətbuat katibi İbrahim Kalın ilə ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivanın telefon danışığında da gündəmə gəlib. Ankara 4 arqument vasitəsi ilə belə bir addımın səbəb olacağı problemləri diplomatik kanallarla ABŞ tərəfinə çatdırıb. ABŞ prezidentləri indiyə qədər 24 apreldəki mesajlarında “soyqırımı” ifadəsi əvəzində “böyük fəlakət” ifadəsindən istifadə ediblər.