ABŞ-da türk restoranına hücum edib azərbaycanlıları təhqir edən ermənilərə qarşı cinayət işi qaldırılıb

135

Hurriyyet.org xəbər verir ki, ABŞ-da “türkləri ovlamağı planlaşdıraraq” “İstanbul Kafe”yə hücum edən iki erməniyə qarşı Los-Anceles Məhkəməsində cinayət işi qaldırılıb.

2020-ci il noyabrın 4-də ABŞ-ın Los-Anceles şəhərindəki türk restoranına edilən hücumla əlaqədar erməni millətindən olan iki ABŞ vətəndaşına – 23 yaşlı Vilyam Stepanyan (artıq həbsdədir) ilə 23 yaşlı Harutyun Harrt Çalikyana (27 aprel tarixində yaxalanıb) qarşı qaldırılan cinayət işində 6 maddə ilə ittiham irəli sürülüb.

“Anadolu Agentliyi”nin xəbərinə görə, məhkəmə materialına görə Vilyam Stepanyan 4 noyabrda telefonla mesaj göndərərək “türkləri ovlamağı” planlaşdırığını bildirib və eyni gündə Harutyun Harry Çalikyan ilə görüşüb.

İddia ərizəsində bildirilir ki, restorana hücum edən  müttəhimlərdən biri: “Sizi öldürməyə gəldik, sizi öldürəcəyik”, – deyə içəridəkiləri təhdid edib, hücum nəticəsində bir neçə nəfər yaralanıb və bu iki müttəhim restorana 20 min dollar məbləğində zərər vurub. Restoranın müvəqqəti olaraq bağlanması da minlərlə dollar gəlir itkisinə səbəb olub.

Nifrət cinayətinə görə 10 il, planlaşdırılmış cinayət törətməklə bağlı 5 il olmaqla, müttəhimlərə ümumilikdə 15 il həbs cəzası verilməsi tələb olunur.

2020-ci il noyabrın 4-də, saat 20.30 radələrində Los- Anceles şəhərinin Beverli Hills ərazisindəki “İstanbul Kafe” adlı restorana gələn 6-8 nəfərlik qrup restorandakı insanlara hücum edərək yaralamış, ətrafa zərər vermişdi.

Təhlükəsizlik kamerasının çəkdiyi təsvirlərdə 20-30 yaşlarında olan cinayətkar dəstə üzvlərinin restoranın işçilərinə stullarla hücum elədikləri, iş yerindəki mebel, kompüter və digər əşyaları qırıb-tökdükləri aşkar görünür.

Restoran sahibi və işçiləri canilərin erməni dilində danışdıqlarını, onları ölümlə təhdid elədiklərini, türk və Azərbaycan xalqını xoşagəlməz ifadələrlə təhqir etdiklərini bildirib.