ABŞ, Çin, Rusiya: ovçu kim, ov kimdir?

141

Bayden administrasiyası rəqiblərini bir-birinə qırdırmağa çalışır: baxaq, görək bacaracaqmı?

Rusiya ilə Çin arasında hərbi-diplomatik əməkdaşlığın dərinləşməsi amerikalı müdafiə texnologiyası mütəxəssislərinin hərbi texnologiya və bir sıra xarici siyasət hədəfləri bölüşən iki düşməndən ürkməsinə səbəb olur. Çünki Çinin hədəfləri Bayden administrasiyasını ABŞ rəhbərliyi kimi yenidən təsdiqləmək planını çətinləşdirəcək.

Çin Ukraynanın sərhədləri yaxınlığında rus hərbi kontingentinin genişlənməsini diqqətlə izləyir. Pentaqon onların sayının 2014-cü ildəkindən çox olduğunu deyir. Eyni zamanda, Çin də Tayvan və Cənubi Çin dənizini özünün təzyiq kampaniyasının hədəfinə qoyub. Keçən həftə Çin güc nümayişi kimi Tayvanın hava müdafiə zonasına rekord sayda bombardmançı və qırıcı göndərdi. ABŞ-ın ən yüksək hərbi rəsmiləri xəbərdarlıq etdilər ki, Pekin yaxın 6 ilə adanı zorla ələ keçirməyə cəhd göstərə bilər.

“Biz güman edirik ki, Çin Ukraynada baş verənləri əvvəlkindən daha çox diqqətlə izləyir”, – deyə yüksək çinli hərbi rəsmi adının açıqlanmaması şərti ilə bildirir: “Düşünürəm ki, onlar Ukrayna gərginliyindən aldıqları dərsi öz mənafeləri məqsədilə necə istifadə edə biləcəklərini müəyyənləşdirmək üçün hadisələri yaxından izləyirlər”.

“Foreign Policy”ə xarici siyasətlə bağlı münasibət bildirən hazırkı və sabiq rəsmilər, eləcə də mütəxəssislər hesab edirlər ki, Pekin və Moskvanın paralel təzyiq kampaniyalarını koordinasiya etdiyinə dair hələ bir dəlil yoxdur. Ancaq gərginliyin yüksəlməsi ABŞ prezidenti Co Baydenin diqqətini çəkir. Pentaqon 1990-cı illərdən bəri eyni vaxtda iki iri müharibənin aparılması konsepsiyasını pozduğundan, Tayvan üzərindəki Çin döyüş təyyarələrinin və Ukrayna yaxınlığında toplaşan rus qoşunlarının ayrı-ayrı şəkil alması onun strateqlərinə proqnoz verməyə çətinlik törədir.

Tramp administrasiyası dövründə Pentaqon başçısının müavininin müşaviri olmuş Elbric Colby, “İki cəbhədə döyüşə bilən ordumuzun olmadığı halda, iki cəbhəli müharibə ilə qarşılaşacaqsınız”, – deyir: “Əgər NATO ABŞ ordusunun Tayvan uğrunda müharibədə onu vəziyyətdən çıxaracağını gözləyirsə, bunu bacarmarıq. Buna gücümüz yoxdur. Bu, bizim üçün böyük problemlər yarada bilər”.

Bayden rəhbərliyi Qərbi Sakit Okeanda daha çox hərbi resurs qoyaraq Asiyaya uzun müddətli dönüşü düzənləməyə və Çinin öhdəsindən necə gələcəyini aydınlaşdırmağa çalışır. Çin lideri Si Tszinpin bir zamanlar prezident Vladimir Putini “ən yaxşı dostu və həmkarı” adlandırmışdı.

Rusiyanın Ukraynanın sərhədləri yaxınlığında hərbi gücünü artırması həm də o deməkdir ki, Çin uzun illər ərzində strateji prioritetimiz ola bilsə də, Moskvanın hələ də Avropaya təcavüz gücü var. Bu, Barak Obama zamanında ABŞ-ın Rusiyadakı səfiri olmuş Maykl MakFaulun fikirləridir. Faul ardınca isə bunları söyləyir: “Mən yönümüzü Asiyaya döndərməyi istəyirəm, amma bunun Putin təhdidinə yönəlmək hesabına başa gəlməsini istəmirəm”. Diqqət etsək, Asiya deyərkən Çini nəzərdə tutan Faul məhz Putini təhdid deyə qabardır. Əlbəttə, vurğu Avropaya edilir. Çünki ABŞ hər zaman Avropanı Rusiyaala qorxudaraq, idarəsi altında saxlamağa nail olub. Və əsas məqam Rusiyanı “şeytanlaşdırmaqdır”.

Çin və Rusiya illərdir BMT TŞ-da taktiki ittifaq quraraq, iqtisadi sanksiyaları və hərbi müdaxiləni həyata keçirən ABŞ və onun Avropalı müttəfiqləri – İngiltərə və Fransanın təsirinə qarşı birləşdi. Bu əməkdaşlıq son illərdə Suriya ilə bağlı səsvermədə də artdı. BMT-nin mənzil-qərargahından kənarda Rusiya və Çin son illərdə enerji və silah kimi əsas sahələrdə ikitərəfli ticarəti iki dəfə artıraraq münasibətlərini gücləndirdilər.

1961-ci ildə Çin-Sovet münasibətlərinin pozulmasından sonra on illər ərzində iki böyük güc arasındakı münasibət dərin inamsızlıqla müşahidə olunurdu. Ancaq Soyuq Müharibə bitdikdən sonra bu situasiya yumşalmağa – “buzlar əriməyə” başladı və Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Qərb sanksiyalarının girdabına düşdü. Bu, Rusiyanı Şərqdə yeni iqtisadi və siyasi tərəfdaşlar tapmağa sövq etdi. Dərhal rus qazını Çinin enerji tələbatı ilə birləşdirən təbii qaz kəməri üçün 30 illik müddətə 400 milyard dollarlıq müqavilə başladı. O vaxtdan bəri Çinin Rusiya neftindən asılılığı da artdı.

Məlumatlara görə, bunun müqabilində Pekin Moskvaya artıq Qərbdə əldə edə bilməyəcəyi maliyyələşdirmə və yüksək texnoloji komponentlər təqdim edir. Amma ortaya “qarşıdan gələn müharibədə Çin niyə Rusiyanı gücləndirsin”, kimi sual çıxır. Çin Rusiyanın ərazilərinə birbaşa və açıq şəkildə iddia edir. Çox güman ki, ABŞ da Çinə qarşı olunacaq müharibədə Rusiyanin yanında, yaxud Çinin qarşısında duran tərəf olmasını istəyir. Yəni müharibəyə hazırlaşan tərəflər bir-birinə yeni texnologiya verməz. Versə də, ancaq köhnə tipli sistemlər verər.

Statistikaya görə, Çinin müdafiə sənayesi sürətlə inkişaf etsə də, “S-400” raket müdafiə sistemi və “Suxoi Su-35” döyüş təyyarələri də daxil olmaqla, silah idxalının demək olar ki, yüzdə 80-i hələ də Rusiyadan gəlir. Çinin J-11 və J-15 qırıcıları Rusiya dizaynı və bəzi yer-hava raketləri əsasında yığılır. Bu, ikitərəfli  yoldur. Yeni ABŞ Təhlükəsizlik Mərkəzinin son hesabatına görə, Rusiya da Qərbin sanksiyaları qarşısında elektron komponentlər və dəniz dizel mühərrikləri üçün Çinə üz tutdu. Düşüncə mərkəzi belə nəticəyə gəldi ki, Rusiyanın raket və qırıcı texnologiyası Çinə “daha ​​yaxşı strateji hava müdafiə qabiliyyəti və ABŞ-ın üstünlüyünə qarşı mübarizə qabiliyyətini artırır”, xüsusilə Tayvan və ya Cənubi Çin dənizində.

“O film olan Jerri Makkvayarın sözləri ilə desək, bir-birlərini tamamlayırlar”, – deyə 2009-2013-cü illərdə NATO-nun Müttəfiqlər Ali Komandiri olaraq vəzifə yerinə yetirən təqaüdçü Admir James Stavridis bənzətmə edir.

Hərbi əlaqələr belə yaxınlaşır. Keçmiş Sovet İttifaqından kənarda ilk dəfə Rusiyanın 2018-ci il “Vostok” təlimində minlərlə Çin əsgəri də iştirak etdi. Növbəti il Putin Rusiyanın Çinə erkən raket hücumu xəbərdarlıq sistemi inkişaf etdirməsinə kömək etdiyini açıqladı. Rusiya və Çin İranla birlikdə 2019-cu ildə Hind Okeanında böyük dəniz təlimləri keçirdi. Söhbət Çinin Yaponiya ilə ərazi mübahisələrinin olduğu Şərqi Çin dənizində keçirilən birgə təlimlərdən gedir.

Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin dosenti və Asiya-Sakit okean-Çin üzrə ekspert Artyom Lukin, iki ölkə arasında hər hansı bir rəsmi müdafiə müqaviləsi olmamasına baxmayaraq, münasibətlərin həqiqətən “kvazi müttəfiqlik” olduğunu söylədi.

Bu münasibətlər tez-tez “Çin-Rusiya nigahı” kimi xarakterizə olunur. “Bu yaxşı hesablanmış, praqmatik  ortaqlıqdır. Qarşılıqlı təsir yoxdur. Düşünmürəm ki, nə Zhonqnanhaidə (Çin Kommunist Partiyasının yerləşdiyi məkan) və ya Kremldə kimsə bunun xəyalını qursun”, – Carnegie Moskva Mərkəzinin Asiya-Sakit okean proqramının Rusiya sədri Aleksandr Gabuev deyir: “Amma yaxınlarda genişlənmiş hərbi əlaqələri belə uzun sürməyəcək. Rusiyanın 2014-cü ildəkı hərbi analizinə görə belə nəticəyə gəlmək olar ki, Pekinin Rusiyanın hərbi texnologiyasından imtinası on il də çəkməyəcək. Beləliklə, Çin bazarında qısa fürsət pəncərəmiz var ki, bu anda əlimizdən gələni sata bilərik. Çünki Çinin bu texnologiyaya Cənubi Çin dənizində daha iddialı olmaları və ya ABŞ-a qarşı durmaları üçün ehtiyacı var”.

“Moskva, şübhəsiz ki, münasibətlərdə Çinə nisbətən daha kiçik tutumlu tərəfdaş olduğu üçün Putinin çox uzun müddət dayanmaq ehtimalı yoxdur. Buna görə də ABŞ rəsmiləri əlaqələrin dərinliyini və davamlılığını şübhə altına alırlar”, -deyən Baydenin Milli Təhlükəsizlik Şurasının qısa müddət Rusiya və Orta Asiya üzrə baş direktor vəzifəsini icra edən Kendal-Taylor bildirir. Kendal-Teylor obrazlı şəkildə belə deyir: “Böyük qardaş – keçmiş SSRİ böyüdükcə kiçik qardaşını – Çini-döydü və ona şillə-təpiklə dərs verdi. Ancaq indi kiçik qardaş böyüdü və gücləndi. İndi də böyük qardaş münasibətlərdə kiçilmiş tərəfdaşa çevrildiyinə görə başına nə gələcəyini bilmir və qorxur”.

Keçmiş ABŞ Prezidenti Riçard Nikson administrasiyası dövründə Vaşinqton Rusiyanın əleyhinə Çinlə oynadı. Son illərdəki paradiqmaya baxsaq, indi də ABŞ rəsmiləri eyni oyunu əks yöndə oynayırlar. Amma həm Çinlə Rusiyaya qarşı, həm Rusiya ilə Çinə qarşı. Misal üçün, 2020-ci ilin oktyabrında keçirilmiş sammitdə o zamankı Milli Təhlükəsizlik müşaviri Robert O’Brien və rusiyalı həmkarı Nikolay Patruşev arasında Tramp administrasiyasının keçmiş yüksək səviyyəli rəsmisi, O’Brienin müşaviri Metyu Pottinqer rus nümayəndəyə “Çinlə ortaqlıq” barədə xəbərdarlıq etmişdi. Pottinqerin mandarin dilində danışanların sayının artdığı Sibir də daxil olmaqla, Çinlə Rusiya arasında xeyli sayda tarixi torpaq mübahisələrinə işarə etdiyi bildirildi. Pottinqer bu hekayəni şərh etməkdən imtina etdi. Tramp administrasiyasının daha iki yüksək vəzifəli rəsmisi Rusiyanın ikitərəfli danışıqlarda artan zəifliyinin bir amili kimi Çin əhalisinin artmasının da rol oynadığını söylədi.

Vaşinqton Çinin artan nüvə arsenalı və raketlərin tez-tez atılması ilə bağlı da Silahlara Nəzarətə dair danışıqlar zamanı Pekinin silah ehtiyatları ilə bağlı məxfi kəşfiyyat məlumatlarını açıqlamaqla, Rusiyaya həyəcan siqnalı verdi və Çin təhdidinə işarə etdi. Bir situasiyada rus rəsmilər ABŞ-lı həmkarlarına etiraf etdilər ki, onlar öz nüvə gücünün bir hissəsini Çinin arsenalına söykəyirlər. Belə ki, Rusiyanın şərq qüvvələri irimiqyaslı uzunmüddətli çoxillik modernləşdirmə proqramının yarıdan çoxunu keçib və uzunmənzilli gəmi əleyhinə raketlərdən və döyüş təyyarələrindən tutmuş “ovçu–qatil” sualtı qayıqlarına qədər hamısını Çinlə sərhədinə yaxın ərazidə yerləşdirib.

ABŞ Çinlə danışıqlarda da Rusiyanın təhdidlərini vurğulamışdı. İki keçmiş ABŞ rəsmisi Tramp administrasiyasının 2019-cu ildə Soyuq Müharibə dövründəki Orta mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çıxmasını Rusiya müqavilədə “fırıldaq” işlətdiyinə görə, uzunmənzilli ABŞ raketlərinin Asiyada görünməsindən qorxan Çinə təzyiq göstərmək üçün istifadə etdiyini söylədi. “Bu, ortamənzilli raketlər Sakit Okeanda görünəndə bizi günahlandırmayın, Putini günahlandırın”, – deyə keçmiş yüksək səviyyəli Tramp administrasiyasının məmurlarından biri ABŞ-ın Pekinə mesajını belə göndərmişdi.

Göründüyü kimi, problem ondadır ki, güclü iqtisadiyyata, güclü donanmaya, hibrid müharibələrə və iqtisadi inkişafına güvənərək qonşularını vəlvələyə salmaq istəyən fövqəlgücün qarşısını almağın həll yolu yoxdur. Buna görə, ən optimal yol – rəqibləri bir-birinə qırdırmaqdır. Necə ki, adının çəkilməsini istəməyən Pentaqon rəsmisi, “Situasiyaya onların hər ikisini eyni vaxtda necə çəkindirmək – baxış bucağından baxırıq. Yenə də biri ilə alınan taktika başqası ilə alınmaya bilər”, – deyə ABŞ, Çin, Rusiya siyasət üçbucağını ən doğru şəkildə təsvir edib.

Hətta hər hansı bir rəsmi müttəfiqlik olmasa da, Çin ilə Rusiya arasındakı səssiz iş birliyi həm Ukrayna, həm də Tayvanla bağlı artan gərginlik Bayden administrasiyasını dalana salır. Bu səbəbdən, rəqiblərini bir-birinə qırdırmağa çalışır. Baxaq, görək bacaracaqmı?

Ülviyyə ŞÜKÜROVA