65 il yaşamayan əlil suçludur?

1140

Əlilliyi olan şəxslərə işləməyə görə pensiya hesablanmaması  ayrıseçkiliyi

Bir neçə gün öncə ƏƏSMN bilgi yaydı ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondu  6297 işləyən pensiyaçının yaşa görə əmək pensiyalarını yenidən hesablayaraq artırıb. Bu 6297 “xoşbəxt pensiyaçı” yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyi sürdürərək 6 ilə çatdıranlardır . “Əmək pensiyaları haqqında” qanunun tələbinə əsasən,  yaşa görə pensiya təyin olunduğu gündən işləməyi sürdürən pensiyaçının pensiyası hər 6 ildən –  72 aydan bir hesabında toplanmış sığorta haqqının məbləğinin 72-yə nisbətində artırılır. Hökumət sözügedən artımı işləyən pensiyaçıların əməklərindən faydalanmaq hüquqlarının daha effektiv təmin edilməsi ilə bağlayır. Birbaşa deyilməsə də , qısaca , normal pensiya almaq üçün işləməyi sürdürərək sosial sığorta sisteminə “töhfə verilməsi” stimullaşdırılır. Çox yaxşı,  bəs bu qayda niyə işləyən əlillərə şamil edilmir? Niyə əlillərin əməklərinə qiymət qoyulmur? Ölkədə nə qədər əlilliyə görə pensiya təyin olunduqdan sonra işləyən müəllim, həkim, mühəndis və digər kateqoriya peşə adamları var?! Əlillərə qarşı bu ayrıseçkiliyi necə əsaslandırmaq olar? Belə çıxır, işləyən əlil müəllim 65 yaşına çatandan sonra yaşa görə pensiyaya keçməli və bundan sonra 6 il işləməlidir ki,  71 yaşında pensiyasına artım “xoşbəxtliyi”nə qovuşsun ? Fikrimizcə , absurddur. Əlilliyi olan şəxslərin pensiya yaşına çatması, lap çatandan sonra “altıillik(lər)” işləmələri, sadəcə, çox az ehtimaldır. Elə yaşa görə pensiyaçıların da uzunömürlülük “stajı” şübhə altındadır. Bir də, anlamaq olmur, vətəndaş pensiyaya çıxır ki, işlədiyinin haqqını alıb istirahət etsin. Elə ölənəcən işləyəcəkdisə, onda bu anormal sosial müdafiə sistemi nəyə gərəkir? Hələ biz onu demirik ki, yaş həddi çatanda , əlillik dərəcəsi təyin olunanda işəgötürən pensiyaçıya “qapını göstərir”. Başqa sözlə, bizim məmurlar qanun-qaydanın yalnız “qadağa” yönünü bilirlər.

İşləyən əlillərə qarşı “qanuni” ayrıseçkiliyin qanunsuz olması göz önündədir və əlillərin əməyinin istismarı anlamına gəlir. BMT konvensiyası, yerli qanunvericilik əlillərə qarşı ayrı-seçkiliyi qadağan etsə də , işləyən əlillərə qarşı “ pensiya artımı” ayrı-seçkiliyi hələ də sürür. Hələ də əlilliyə görə pensiya təyin olunan müəllimlər, həkimlər, digərləri pensiya yaşlarının çatmasını gözləyirlər. Çata bilsələr… Çata biləndən sonra qapı dışında qalmasalar.

ÖLMƏ, ƏLİL,  YAŞA, YAŞAYA BİLSƏN. HƏR ƏLİL 65 İL YAŞAMASA, GÜNAH ONUN  ÖZÜNDƏDİR! 65-DƏN SONRAKILARIN GÜNAHI İSƏ HÖKUMƏTİN (SOSİAL MÜDAFİƏ SİYASƏTİNİN) BOYNUNDADIR.

 

Məğrur BƏDƏLSOY