“5-Cİ KOLON”UN MƏHBƏSDƏKİ GİROVU… – Mehdiyev-Usubov “cütlüyü”nün həbsə atdırdığı Hüseyn Abdullayev niyə hələ də məhbəsdə saxlanılır?!

165

2003-cü ilin sonlarında prezident Heydər Əliyevin ağır vəziyyətdə ABŞ-ın məşhur “Klivlend” klinikasına aparılması və sağalma ehtimalının çox aşağı olması hakimiyyət daxilində ciddi parçalanma yaratmışdı. Belə ki, Rusiyaya məxsus “5-ci kolon”un üzvləri mövcud boşluqdan istifadə edərək, hakimiyyəti ələ keçirməyə çalışırdılar. Bu qruplaşmanın üzvləri Heydər Əliyevin hələ sağlığında çox incə detallarınadək hazırladığı “varis planı”na qarşı çıxaraq, hakimiyyətin “onların haqqı” olduğunu düşünürdülər. Çünki Kreml də onlara bu “haqqı” tanımışdı…

Mehdiyev hakimiyyəti güc yolu ilə ələ keçirmək istəyib…

Təsadüfi deyil ki, hələ 2003-cü ilin avqustunda Rusiyadan gələn tapşırıq əsasında “5-ci kolon”un “xaç atası”, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi hakimiyyətdaxili qruplaşma İlham Əliyevin baş nazir postuna gətirilməsini güc yolu ilə önləmək niyyətində olublar. Bu haqda əvvəllər də “Hürriyyət”də yazmışıq ki, 2003-cü ilin avqutsun 3-də (İ.Əliyev avqustun 4-də baş nazir vəzifəsinə təyin olunub – müəl.) gecə saatlarında Ramiz Mehdiyevin evinin ətrafına toplaşan silahlılar hakimiyyətdaxili çevriliş etmək üçün “boz kardinal”ın əmrini gözləyiblər. Ancaq R.Mehdiyevin bu məkrli niyyətindən xəbərdar olan İlham Əliyev tərəfdarları bu prosesin qarşısını almağa müyəssər oldular. Belə ki, həmin vaxtı ətrafından böyük idmançılar “ordusu” toplaşan deputat Cəlal Əliyev (İlham Əliyevin əmisi – müəl.) Ramiz Mehdiyevə zəng edərək, qısa müddətdə evinin önündəki silahlılar dağılmayacağı təqdirdə, onun özü qarışıq, hamısının darmadağın ediləcəyini bildirib. Görünür, C.Əliyevin kifayət qədər prinsipial insan olduğunu yaxşı bilən R.Mehdiyev həmin vaxt onun əmrini gözləyən silahlıların dağılmasına göstəriş vermək məcburiyyətində qalıb.

Kremlin hakimiyyət üzərində təsiri

Bütün bunlara rəğmən, həmin dönəmdə Rusiyanın Azərbaycan hakimiyyəti üzərindəki təsir imkanlarını ortadan qaldırmaq mümkün olmazdı. Hətta buna cəhdin özü belə, ağılsızlıq olardı. Çünki Rusiya illər ərzində Azərbaycan hakimiyyətinin ən strateji nöqtələrində öz adamlarını yerləşdirmişdi və onları qısa müddətdə sürüyüb “çölə atmaq” böyük risk tələb edirdi. Yenicə baş nazir vəzifəsinə sahib olan İlham Əliyev isə bu riski gözə ala bilməzdi. Çünki qarşıdakı hədəf prezident postuna seçilmək olduğundan, hakimiyyət qüvvələrinin monolit qalması lazım idi. Bu baxımdan, İ.Əliyev həmin dönəmdə Rusiyanı özünə düşmən etməmək üçün Ramiz Mehdiyev və Ramil Usubov başda olmaqla, “5-ci kolon”un digər rəhbər şəxlərinin toxunulmazlığını təmin etməyə məcbur oldu. Bu fürsətdən yararlanan məlum şəbəkə isə öz mövqelərini daha da gücləndirmək üçün var gücləri ilə hərəkətə keçdilər. Hansı ki, uzun illər onların qarşısında kimsə duruş gətirmədi. Hətta belə deyilir ki ki, 2003-cü il dekabrın 12-də Heydər Əliyev rəhmətə getdikdən sonra Ramiz Mehdiyev hakimiyyət pilləsində özünün “ikinci baharı”nı yaşamağa başladı. Yəni keçmiş hakimiyyətin dönəmində H.Əliyev bəzi məsələlərdə onun önünü kəsir, sərbəstliyinə mane olurdusa, İ.Əliyev hakimiyyətində o, özünün “boz kardinal” titulunu bir qədər də gücləndirmiş oldu. Beləliklə, o, istədiyi adamı vəzifəyə qoyur, istədiyini çıxarır, ona tabe olmayan istənilən şəxin “torbasını tikərək” həbsxanaya göndərirdi…

Mehdiyevin “torbasını tikdiyi” məmurlar, iş adamları, deputatlar…

“Hürriyyət”də dəfələrlə qeyd etmişik ki, Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə Ramiz Mehdiyevin zülmə məruz qoyduğu insanlar arasında məmurlarla yanaşı, biznesmenlər, deputatlar və s. şəxslər də vardı. Hansı ki, bunların adlarını saymaqla bitməz. Lakin bizim üçün maraqlı olan odur ki, R.Medhiyev şəbəkəsinin “torba tikdiyi” insaların böyük əksəriyyəti hazırda azadlıqda olsa da, “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayev hələ də məhbəs həyatı yaşamaqdadır…

“Quska”nın həbsi ilə bağlı detallara gəlməzdən öncə qeyd edək ki, “boz kardinal” Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə bütün məmurların ölkə başçısına deyil, yalnız ona hesabat verməsinə və ona qarşı sədaqət nümayiş etdirməsinə çalışıb. Əksər məmurlar Mehdiyevin bu “dəmir iradəsi” ilə hesablaşmağa, ona boyun əyməyə məcbur olsa da, ölkənin inkişafına töhfə vermək istəyən şəxslər tamamilə fərqli düşünürdülər. Onlar bilirdilər ki, Ramiz Mehdiyevin idarəçilik üsulu və düşüncə tərzi ölkədə korrupsiya və rüşvətxorluğun günbəgün çiçəklənməsinə rəvac verməklə yanaşı, Azərbaycanın inkişafının qarşısında ən böyük sipərdir. Odur ki, öz vicdanını vəzifəyə, var-dövlətə satmayan məmurlar yeri gəldikdə gələcək aqibətlərini də gözə alaraq, PA rəhbərinə etiraz etməkdən çəkinmirdilər. Lakin təəssüflə qeyd etməliyik ki, bu məmurların prezidentə gedən yolunun qarşısında R.Mehdiyev hər zaman “tikanlı qanqal”a çevrildiyindən, əksər hallarda həqiqətləri ölkə başçısını çatdırmaq mümkün olmurdu. “5-ci kolon”un isə ən azı bir neçə mənbədən prezidentə informasiya ötürmək imkanı olduğundan, Ramiz Mehdiyevin göstərişi ilə ona “baş qaldıran” məmurlar haqqında ölkə başçısına yanlış informasiyalar verilir, nəticədə həmin şəxsin ya istefasına nail olunur, ya da həbsə atılırdı. Sabiq deputat Hüseyn Abdullayev də Mehdiyev-Usubov “cütlüyü”nün çoxsaylı qurbanlarından biri idi…

“Quska”nın həbsi…

Öncə onu qeyd edək ki, 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən sabiq deputatın guya Avropadakı “söyüş müxalifəti”ni idarə etdiyi haqda iddiaların ortaya atılması heç də təsadüf deyildi. Təbii ki, “5-ci kolon” H.Abdullayevə bu ittihamı “yapışdırmaq” üçün uzun məsafə qət etmişdi. Əlbəttə, hədəfdə yalnız sabiq deputat deyildi. Bu şəbəkə belə bir həssas məsələ ilə bir çox rəqiblərini ortadan qaldıra bilmişdi…

Hər şey ondan başladı ki, Avropada siyasi mühacirətdə olan şəxslərin ölkədə olan yaxınlarına qarşı məqsədli şəkildə təzyiqlər həyata keçirildi. Doğrudur, buna qədər də həmin mühacirlərin sosial şəbəkədə yazdığı statuslar heç də etik deyildi. Lakin ən dəhşətlisi o idi ki, mühacirlərin yaxınlarını – valideynlərini, qardaş-bacılarını polis idarələrinə dəvət edərək, onlara təzyiq göstərməyə başladılar. Hətta bəzi hallarda valideynlərindən “övladından imtina”, bacısından “qardaşından imtina etməsi” haqda kağız alıb, onu mətbuatda geniş işıqlandırdılar.

Şübhəsiz, bu yolla kimlərisə öz yolundan döndərmək, yəni hansısa məmur haqqında tənqidi status paylaşmaqdan, bu və ya digər məmurla bağlı təhqiramiz ifadələrə yol verməkdən çəkindirmək mümkün ola bilərdi. Ancaq bu prosesi başladanlar çox yaxşı bilirdi ki, doğmalarına təzyiq göstərməklə mühacirlərin heç də hamısı susmayacaq, əksinə bir çoxu daha da radikallaşacaq. Necə ki, bu cür təzyiq mexanizmi faktiki olaraq “söyüş kampaniyası”na çevrildi və nəticədə hətta prezident və ailə üzvləri də hədəfə alındı. Halbuki, buna qədər prezident haqqında təhqiramiz ifadələrə demək olar ki, yol verilmirdi.

Çox təəssüf ki, vəziyyət getdikcə daha biabırçı bir həddə çatsa da, Azərbaycanda məlum təfəkkürün sahibləri dayanmaqda maraqlı deyildi. Üstəlik, artıq diriləri bir yana qoyub, ölüləri təhqir etdirməklə “qisas almaq” yoluna da əl atdılar. Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunmasını buna misal göstərə bilərik…

Qeyd etdiyimiz kimi, bütün bunlar qarşı tərəfi daha da radikallaşdırmaq məqsədi güdürdü. Çünki prezidentin özü və ailəsi hədəfə gələrsə, “5-ci kolon” öz çirkin niyyətinə daha tez çata bilərdi. Məsələn, istədikləri şəxsi bu “söyüş kampaniyası”nın arxasında dayanan fiqur kimi təqdim edib, prezidentdən onun həbsinə “dobro” ala bilərdilər. Necə ki, “Türkiyədəki inşaat sektoruna sahib olan Hüseyn Abdullayevin ofisində onun sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirən qrup fəaliyyət göstərir” iddiası ilə H.Abdullayevin həbsinə nail ola bildilər.

Bütün bunlar öz yerində. Bəs, Mehdiyev şəbəkəsinin Abdullayevi həbs etdirməkdə marağı nə idi? Ondan nə üçün qisas almağa çalışırdılar? Bu haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.

RƏŞAD