“5-ci kolon” və yaxud “sapı özümüzdən olan baltalar”

282

“Rusiyanın Qafqazdan əl-ayağı çəkilməyincə Qafqazda etnik-milli məsələlər həll olunmayacaq”

                                                                       Əbülfəz Elçibəy

Yüz ildən artıqdır ki, mənfur qonşumuz ermənilərlə azərbaycanlılar arasında zaman-zaman qanlı toqquşmalar və döyüşlər baş vermişdi. Bunlardan ikisi Çar Rusiyası dönəmində olmuşdu; – 1-ci erməni-müsəlman davası – 1905-1906-cı illər, ikincisi – 1917-1918-ci illər – Azərbaycan Demokratik Respublikasına qədərki dövrdə olmuşdur. Amma ikinci savaş dayanmamış və ADR-in işğalına qədər davam etmişdir.

AXC-nin hakimiyyətə gəlişi ilə döyüş bölgələrində bir sıra uğurlu əməliyyatlar həyata keçirildi və bir çox rayonlar azad edildi. Şuşa və Laçın rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə Ordu içərisində olan “5-ci kolon”un zabitləri və yaxud sapı özümüzdən olan baltalar təxribatlara və xəyanətə yol qoydular. Bu təxribat və xəyanətlər nəticəsində həlledici döyüşlərdə ordumuz tutduqları bir çox yerlərdən geri çəkilməyə məcbur oldular. Orduda Sürət Hüseynovun, Nəcməddin Sadıqovun və digər zabitlərin xəyanəti öz sözünü dedi.

Elçibəyin apardığı bir səra islahatlar; təhsildə test üsulunun tətbiqi, Azərbaycan manatının dövrüyyəyə buraxılması və bir sıra islahatlar öz sözünü deməyə başladı. Çökmüş iqtisadiyyat dirçəlməyə başladı. Fəhlələrin keçmişdən qalan maaşları ödənildi. Təkcə bunu demək kifayətdir ki, o zaman valideynlərə verilən uşaq pulu SSRİ məkanında bütün respublikalardan öndə idi.

Eyni zamanda könüllü dəstələrdən yaradılmış ordunun nizami orduya çevrilməsi və NATO səviyyəsində qurulması üçün qardaş Türkiyədən hərbi mütəxəssislər dəvət etmişdilər və qısa bir zamanda 15 min nəfərlik ordu yaradılmışdı. Elçibəyin dediyi kimi “Ordunu təzədən dirçəltdik. Təsəvvür edin hansı şəraitdə və hansı çətinliklərlə 54 min nəfərlik qüvvəmiz vardı. Biz 100 min adamlıq ət və başqa qida məhsulları buraxırdıq. (Elçi düşüncələri) tərtibatçı Ədalət Tahirzadə, Mir Cəlal Yusifli” (səh. 136).

Belə ki, o dövrdə ordu quruculuğunun necə, nə cür yaradılmasını Ali Baş Komandan Ə.Elçibəy və Müdafiə Naziri olmuş Rəhim Qazıyev hamıdan yaxşı bilirdi: Ə.Elçibəy o dövrdə ordu quruculuğunu belə xarakterizə etmişdi:

  • “Azərbaycanda ordu quruculuğu işlərinin qaydaya düşməsi təkcə xarici qüvvələri deyil, bir sıra daxili siyasi qüvvələri də narahat etdiyindən, təxribatşı əllər yenidən orduya uzanmağa başladı. Hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qüvvələrlə koalisiyaya girmiş keçmiş müdafiə naziri R.Qazıyev bu işə külli miqdarda vəsair xərcləməsinə baxmayaraq ordu quruculuğunu bütün vasitələrlə pozmağa çalışırdı. Rusiyanın Müdafiə Nazirliyi tərəfindən himayə olunduğundan ona qarşı təsirli cəza üsulu tətbiq edə bilməməyimizi səhvimiz hesab edirik.” (səh. 138)

Elçibəy hakimiyyəti hər şeydən öncə Azərbaycanı müstəqil dövlətə çevirməyi qarşısına məqsəd olaraq qoymuşdu.

Elçibəy müstəqil dövləti belə dəyərləndirirdi: – “Xarici ordunun ölkəmizdə olması artıq müstəmləkə olmağımız deməkdir. Xarici ordunu çıxarırsan, öz müstəqil ordunu yaradırsan – onun yerini tutur. Xarici pulu çıxarırsan, öz milli pulunu yaradırsan – onun yerində durur. Və olursan mustəqil dövlət.” (səh. 140)

Elçibəy qarşısına qoyduğu bu problemi bir illik öz hakimiyyəti dövründə həll edə bildi. Bu, olduqca çox böyük uğur idi. Çox yazıq ki, Azadlıq Hərəkatının fəal nümayəndələrindən biri, Elçibəyin tələbəsi olmuş və AMİP-in sədri Etibar Məmmədovun “5-ci kolon”un aparıcı qüvvələri ilə əlbir olub ayağa durmağa çalışan müstəqil Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparması və hakimiyyətin yıxılmasında mühüm rol oynadı. Bu Etibar bəy bilərəkdən və bilməyərək etməsini özü hamıdan yaxşı bilir. Bəlkə də bu, 27 ildən sonra özünün etiraf etdiyi kimi – “o zaman dövlətçilik rüşeym halında idi və xalq bunu dərk etmirdi” – özünün də dərk etməsindən irəli gəlirdi: Allaha çox şükür ki, Etibar bəy dövlətin nə olduğunu anlamışdı.

İndi isə baxaq görək, Ə.Elçibəy hakimiyyətindən getməsinin səbəblərini və buraxdıqları səhvləri necə səciyyələndirmişdi: – “Qiyamın məqsədlərindən biri Qərb ölkələri ilə imzalamaq ərəfəsində olan neft müqavilələrini pozmaq idi” (səh. 160).

“Hərbi cinayətlərdə iştirak etmiş yüksək rütbəli zabitlərin məsuliyyətdən yaxa qurtarmaq üçün hər şeyə hazır olması və qiyamçılarla dilbir, əlbir olması, qanuni seçilmiş höküməti qoruyacaq dövlət qurumlarının formalaşmasının başa çatmaması, dovlət və hökümət qurumlarındakı yüksək vəzifəli bəzi şəxslərin qiyamçılarla gizli əlaqələri, cəmiyyətdə demokratik ənənələrin və təşkilatların zəif olması kimi amillər qiyamçıların qələbəsinə xidmət etdi” (səh. 168-169).

“Bizdə hakimiyyəti nə cür qorumağın təcrübəsi ilmamasına görə onu saxlaya bilmədik. 4 iyun qiyamı yatrılsaydı məsələ birdəfəlik həll olunacaqdı. Çox təəssüf ki, bizə qarşı duran Rus imperiyasının, İran kəşfiyyatı bizdən daha güclü, daha təcrübəli idi: Qiyam başçılarını müdafiə edən qruplar da burada fəal iştirak etdilər” (səh. 170).

4 iyun Gəncə qiyamı “5-ci kolon”un görünən və görünməyən üzvlərini aşıq-aydın şəkildə üzə çıxardı. Partiyalardan; YAP, AMİP, AKP, ASDP və digər təşkilatlar, o cümlədən, Milli Məclisdə təmsil olunan – olunmayan deputatların əksəriyyəti və sovet dönəminin nisgili ilə yaşayan kütlələrin, Rusiya və İran agentlərinin aktiv fəaliyyətidir, həmçinin Gəncə qiyamında iştirakı olan hər bir kəsin əməyi olmuşdur. Eyni zamanda “İstiqlal”, “Səs”, “Aydinlıq” və digər qəzetlərdə Firuz Haşımov kimi yazarların yenicə yaranmaqda olan müstəqil dövlətimizə qarşı, ikinci Dağlıq Qarabağ müharibəsinin sona az qalmış bir zamanda apardıqları təbliğat, təşviqat xəyanətdən başqa bir şey deyildir.

4 iyun Gəncə qiyamı demokratiyaya qədəm qoyan Azərbaycan dövlətini demokratik dəyərlərdən uzaqlaşdırıb avtoritar bir rejimə sürüklədi. Xalq hələ də bu avtoritar dövlətin ağr-acısını çəkməkdədir. 1993-cü ilin payızında “Azadlıq” qəzetində Dmitriy Furman dərc etdirdiyi məqaləsində yazırdı ki, əgər Azərbaycan hakimiyyəti Gəncə qiyamını boğa bilsəydi, 1994-cü ilin sonunadək Azərbaycanda Avropa tipli demokratik respublika qurulacaqdı.

Gəncə qiyamı Sovet kəşfiyyatının təcrübəli generalı, uzun müddət Azərbaycanın birinci katibi işləmiş, Sovet mərkəzü bürosunun üzvü və Nazirlər Sovetinin müavini işləmiş, 5-ci Kolonun üzvlərini əlinin içi kimi bilən, səriştəli Heydər Əliyevi iqtidara gətirdi. Amma bu gəliş ikinci Qarabağ savaşınının sona çatmasını dayandırdı. Nəticədə isə Rusiyanın xeyr-duası ilə ermənilər bağlanmış barışıq anlaşmasını pozub Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdərə rayonlarını işğal etməyi bacardılar. Və həmin gündən 27 seyntyabr 2020-ci ilə qədər bu rayonlar düşmən tapdaği altında qaldı.

Ən dəhşətlisi budur ki, Rəhim Qazıyevdən sonra Azərbaycanın müdafiə naziri Dadaş Rzayev də “5-ci kolon”un öndə gedən başçıları ilə iş birliyinə girmiş və qiyama qarşı aparılan əməliyyatda çox müəmmalı mövqe sırgiləmişdi.

Naxçıvan-Gəncə arasında poçtalyon görəvini yerinə yetirən, Meydan hərekatının lideri; “Azadlıq aşiqi” Nemət Pənahovun bu qiyamda fəal iştirakının şahidi olduq.

Uzun sözün qısası, 4 iyun qiyamında iştirak edən sapı özümüzdən olan baltalar Heydər Əliyevin başçılığı ilə formalaşan iqtidarın da yüksək görəvlərə sahib oldular. Vəzifə sahibi olmayanlar növbəti parlament seçkilərində millət vəkili adına layiq görüldülər. Onlardan bəziləri hələ də parlamentdə lövbər salıb oturmaqdadırlar.

Bunu da qeyd etmək lazımdır ki, Gəncə qiyamının qələbə çalmasının pərdə arxasında xarici neft çirkətləri də iştirak etdilər və onlar istəyinə uyğun olaraq paylarını aldılar. Çünki hakimiyyətin dəyişdirilməsində bu şirkətlərin başçıları həlledici rol oynamışdılar.

O zaman qiyam yolu ilə hakimiyyəti ələ keçirmiş iqtidarın qış fəslində apardığı uğursuz Kəlbəcər əməliyyatı orduda ruh düşgünlüyünü yaratdı və ordunun formalaşması çox ləng həyata keçirildi. Halbuki Elçibəy dönəmində formalaşan nizami ordu Gəncə qiyamı olmasaydı, elə həmin ilin noyabrınadək 30 minlik ordu yaranacaqdı. Çox təəssüf ki, belə bir ordunun yaradılması aşağısı 25 il çəkdi.

Bunu da qeyd etmək yerinə düşür belə ki, 2003 cü il prezident seçkilərində namizəd olmuş Liberal Demokrat Partiyasının Sədri sayın Lalə xanım Şövkət bəyan etmişdi ki, əgər o prezident seçilərsə, Qarabağ problemlemini iki il yarıma həll etməsə istefa verəcəkdir. Təbii ki, bu, Qarabağ probleminin həllinə ən doğru, düzgün yanaşmadır. Atalar demişkən “dəmiri isti-isti döyərlər”.

Nəhayət ki, hamının həsrətlə gözlədiyi üçüncü Qarabağ savaşı 27 ildən sonra Paşinyanın təhriki və qırmızı xətti keçdiyi bir vaxtda 27-sentyabrda başladı. Türkiyənin hər cəhətdən Azərbaycanın yanında olduğu birmənalı şəkildə net bəyan etməsi Azərbaycan iqtidarının cəsarətlə hərəkətə keçməsinə səbəb oldu. Bütün partiyalar, ictimai təşkilatlar bir yumruq kimi birləşdilər, hətta xarixdən Azərbaycan iqtidarını yıxıb sürüyən blogerlər də bir nəfər kimi Azərbaycan ordusunun hücümunu səmimi qəlbdən dəstəkləyib Azərbaycan həqiqətlərini yaymağa başladılar. “5-ci kolon”un iqtidarda və orduda olan üzvlərinin bir hissəsi çıxdaş edilib zərərsizləşdirildi. Türkiyənin arxamızda durması, hər cür mənəvi, maddi-texniki dəstəyi orduda böyük ruh yüksəkliyi yaratdı və şanlı ordumuz uğurlu əməliyyata başladı. 8 noyabrda ordumuzun alınmaz qala olan Şuşa şəhərini düşmənlərdən təmizləməsi Qarabağın açarının ələ keçirilməsi demək idi.

Mənfur düşmənin yuvası Xankəndini almaq ərəfəsində və Qarabağ düyününün birdəfəlik kəsilməsi həll olunanda bu müharibələrin səbəbkarı Rusiyanın kobud şəkildə işə qarışması üçüncü Qarabağ savaşının dayandırılmasına səbəb oldu. Rus ordusunun sülhməramlı adı altında Qarabağa yerləşdirilməsi və onların özlərini işğalçı ordu kimi aparması və düşmənlərimizə onlara aid olmayan yardımlar etməsi, dəstəkləməsi, hamını düşündürür. Hal-hazırda ölkəmizdə iki qüvvə arasında mübarizə gedir; M.Ə.Rəsulzadə və Ə.Elçibəy yolunun davamçıları ilə Rusiyaya inanan rus başlıların, sapı özümüzdən olan baltaların təki  “5-ci kolon”un nümayəndələrinin dedikləri, inandıqları gerçək olsun, bayrağımız Xankəndində dalğalansın! Amin!

Hələ 150 il bundan öncə yaşamış Almaniyanın məşhur dövlət xadimi, görkəmli siyasətçi, diplomat Bismarkın dediyi bu sözlər hər kəsin qulağında sırğa olmalıdır: “Rusiya ilə istənilən saziş onun imzalandığı kağıza dəyməz”.

Yazımı hakimiyyətini qurban verərək işğalçı rus ordusunu Azərbaycandan çıxaran və xalqın mənfəəti üçün hər sent uğrunda mübarizə aparan böyük demokrat Ə.Elçibəyin sözləri ilə tamamlayıram:

“Söhbət Qarabağda ermənilərin yaratdıqları və müstəqil daxili, xarici siyasəti, öz ordusu olan bir qurumun Azərbaycan tərəfindən tanınması təhlükəsindən gedir. Biz müharibəni bundan da əlverişli şərtlərlə başa çatdıra bilərdik, ancaq milli xəyanət yolunu tutmadıq… Şübhə etmirəm ki, Azərbaycan xalqı kimlərinsə vəzifə və hakimiyyət ehtirasları naminə torpaqlarının qurban verilməsi ilə barışmayacaqdır (cəh. 177. bütün sitatlar “Elçi düşüncələri kitabından götürülmüşdür)”.

Mir Yəhya Yusifli