200 il sayğıyla xatırlanan Şeyxəli xan

231

Fətəli xan Qubalının kiçik oğlu Şeyxəli 1761-ci ildə Quba şəhərində anadan olub. 1791-ci ildə qardaşı Əhməd xan vəfat etdikdən sonra hakimiyyətə gələn Şeyxəli xan ənənəvi siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaradıb və onunla müttəfiq olub.

1796-cı ildə Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən Şeyxəli xanın başçılıq etdiyi Quba qoşunlarının qızğın müqavimətinə rast gəlirlər. Bu səbəbdən rus komandanlığı Dərbəndi işğal etdikdən sonra Şeyxəli xanı zəiflətmək məqsədi ilə onun ögey qardaşı Həsənağa xanı Dərbənd hakimi təyin edirlər. Sonra da Şeyxəli xanı təqib edərək Alpan kəndi ətrafında onunla 2 döyüşə girmişdilər. Birinci döyüşdə rus qoşunları podpolkovnik Bakuninlə birgə 250-ə yaxın əsgər itki verib geri çəkilməyə məcbur olsalar da, 2-ci dəfə çətinliklə və xeyli itkilər hesabına Şeyxəli xana qalib gələrək Qubanı ələ keçirmiş, Alpanı da talan etmişdilər. Amma 1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk etməyə məcbur olur və bir neçə ay Qırız və Yefi dağlarında daldalanan Şeyxəli xan yenidən bütün Quba xanlığına, o cümlədən Dərbəndə nəzarəti ələ alır.

1806-cı il oktyabrın 3-də Bakı dənizdən hücüma keçən ruslar tərəfindən işğal edilir. Bakının işğalından sonra Quba xanlığının mövqeləri zəifləyir. Rus ordusu 1809-cu ildə Quba üzərinə növbəti hücumundan sonra şəhəri ələ keçirir. Şeyxəli xan qoşunu ilə Xızı-Bərmək dağlarına çəkilir. Bundan sonra da mübarizəsini davam etdirən Şeyxəli xan Qiziqumuxlu Nuh bəylə Qubanı geri almağa cəhd etsə də, buna nail ola bilmir.

1810-cu ilin avqustunda üsyana qalxan qubalılara rəhbərlik edən Şeyxəli xan Şirvan hakimi Mustafa xanın köməyi ilə rus qoşunlarını Gilgil çayı üzərindəki döyüşdə məğlub edir və onlara köməyə gələn general Repinin qoşunlarını geri oturdur. 4 aya yaxın yenidən Qubada xanlığını bərpa etsə də, general Xatuntsovun komandanlığı altında bu bölgəyə yeridilən rus ordusu Şeyxəli xanın qoşununu məğlubiyyətə uğradır…

Haqqında tədqiqatçı Ənvər Çingizoğlu kitab yazmış olsa da hələ bilinməyən tərəfləri çox olan Şeyxəli xan, qısa fasilələrlə 20 ilə yaxın sürmüş hakimiyyəti dövründə Quba xanlığını Rusiya asılılığından qorumağa çalışsa da, atası Fətəli xan kimi bacarlıqlı ola bilmədi. Aparmağa məcbur olduğu davamlı müharibələr xanlığı nisbətən zəiflətdi. O, 1802-ci ildə Rusiya ilə Georgiyevsk müqaviləsini imzalamağa məcbur olmuşdu…

1810-cu ildə isə Quba xanlıqı işğalçı rus idarəçiliyində əyalətə çevrildi. Əyalətin nəzarəti də Bakı xanı II Mirzə Məhəmməd xana verildi. Bəzi mənbələrdə, 1811-ci il 23 noyabr Rustov döyüşündən sonra yaralı olduğu üçün ətrafı ilə birgə dağlara çəkilən Şeyxəli xanın bir müddət sonra (29.11.1811) vəfat etdiyi qeyd edilib. Quba xanlarının nəslindən olan Asəf xan Qubalının verdiyi məlumata görə isə, Şeyxəli xan Qubalı öncə Car-Balakənə çəkilmiş, sonra mübarizənin imkansızlığını görüb Salyana-Rudbara yollanmış, oradan da Cənubi Azərbaycana keçərək 1821-ci ilin payızında İranda-Ərdəbildə rəhmətə getmişdir. O, 1791-cı ildən 1811-ci ilə qədər çar Rusiyası ilə mübarizələr, müharibələr apararaq Gəncəli Cavad xandan öncə Milli azadlıq mücadiləsini başlatmışdı…

 

Hazırladı: C.Alpoğlu ALBANTÜRK