124 MANATLIQ KİRAYƏ MƏNZİLDƏN BAHALI YAŞAYIŞ KOMPLEKSİNƏ… – Həbsdə olan icra başçısının ailəsi Nardarandakı “Sea Breeze”də yaşayır

243

İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev barəsində mətbuatda növbəti ziddiyyətli informasiya yayılıb. Belə ki, 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs olunan V.Hacıyevin ailəsinin 124 manata kirayə yaşadığı mənzildən çıxarıldığı iddia olunur.

Unikal.org xəbər verir ki, V.Hacıyevin ailəsinin əşyaları İmişli şəkər zavodundakı yataqxanadan daşınıb. Sabiq başçının çalışdığı dönəmdə yaşadığı mənzil təhvil alınıb. Məlumatı İmişli Şəkər Zavodundan da təsdiqləyiblər.

Xatırladaq ki, Vilyam Hacıyev icra başçısı vəzifəsini daşıdığı dönəmdə Almaniyada yaşayan bloger Həbib Müntəzir “Facebook”-da onun sərvəti ilə bağlı açıqlama vermişdi. O, iddia etmişdi ki, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda və Dubayda milyonluq biznesi mövcuddur.

Həmin vaxt İmişli Rayon İcra Hakimiyyəti Vilyam Hacıyev haqqında yayılan məlumatlara münasibət bildirmişdi. İcra başçısının adından yayılan rəsmi açıqlamada onun barəsində səsləndirilən məlumatların heç birinin həqiqətə uyğun olmadığı qeyd olunmuşdu. “Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır.

Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik”, – deyə İcra Hakimiyyətindən bildirilmişdi.

Lakin DTX tərəfindən saxlanıldıqdan sonra Vilyam Hacıyev barəsində yayılan açıqlama onun ailəsinin heç də yataqxanada yaşamaq məcburiyyətində olmadığını ortaya çıxardı. Belə ki, icra başçısı saxlanılan zaman mənzilində və iş yerində aşkarlanan milyonlarla manat pul vəsaiti onun sərvəti ilə bağlı açıqlamaların heç də əsassız olmadığını sübut edirdi…

Həbsdə olan icra başçısının ailəsinin aylıq 124 manata kirayə yaşadığı mənzildən çıxarılması haqda iddialara gəldikdə isə, əminliklə deyə bilərik ki, bütün bunlar sadəcə görüntü xarakteri daşıyıb. Çünki icra başçısının ailəsinin hazırda Bakının ən bahalı yaşayış komplekslərindən olan “Sea Breeze Resort”da yaşadığı bildirilir. Bu haqda “Hürriyyət” etibarlı qaynaqlardan informasiya əldə edib. Bildirilir ki, Nardaranda yerləşən sözügedən yaşayış kompleksində mənizllərin orta qiyməti 300 min manata yaxındır. Buradakı villaların qiyməti isə 2-3 milyon manatdan başlayır.

Maraqlıdır ki, hər ay 124 manata “kirayə qalan” sabiq icra başçısının ailəsi həmin mənzildən çıxarılandan sonra, “Sea Breeze Resort” kimi bahalı yaşayış kompleksindən necə mənzil əldə edə bildilər?! Şübhəsiz, bu mənzilin V.Hacıyev vəzifədə olduğu illərdə alındığı istisna deyil. Sadəcə, keçmiş icra başçısı İmişli şəkər zavoduna məxus yataqxanada özünə mənzil kirayələməklə, vilalarının və bahalı yaşayış komplekslərinin “izini itirməyə” çalışıb. Görünən odur ki, icra başçısının ailəsi “124 manatlıq kirayədən” çıxarıldıqdan sonra, illərlə gizli qalan mənzillərdən birinə yerləşməyə məcbur olublar…

Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Vilyam Hacıyev 10 avqust 1957 -ci ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olub.

1999-2002-ci illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

2002-2004-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini olub.

O, 2004-2006-cı illərdə Göygöl (keçmiş Xanlar), 2006-2012-ci illərdə Samux, 2012-ci ildən həbs olunduğu tarixədək İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.

2020-ci il mayın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Hazırladı: KƏNAN

Hurriyyet.org