Əsirlərin dəyişdirilməsi prosesi ictimaiyyətdən niyə gizlədilir?

318

İbrahim Rüstəmli: “Bu, informasiyanın qurulmasında gedən ciddi nöqsanlardan meydana gəlir”

Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib. Lakin bu məlumatları erməni mediasından eşitməli oluruq. Məlum oldu ki,  Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib. Lakin Azərbaycan tərəfdən bununla bağlı hələ ki, rəsmi məlumat verilməyib. Bununla bağlı ötən buraxlışlarımızda da geniş məlumat vermişdik.  Eyni zamanda,  tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

Maraqlıdır ki, Azərbaycanın rəsmi qurumları bu xəbərləri niyə ictimaiyyətlə bölüşmür? Eyni zamanda, 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının kimə məxsusluğu necə müəyyənləşdiriləcək?

Suallarımıza cavab almaq üçün əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmliylə danışdıq. O, ölüm faktlarının gizlədilməsinin Azərbaycan üçün real görsənmədiyini deyib:

“Bu informasiyaların məxfi saxlanılmasının nə mənası var ki?…Azərbaycan 44 günlük Vətən müharibəsində itkilərinin sayını rəsmi olaraq açılayıb. Biz də fikirlərimizi bildirdik ki, bu son göstərici deyil. Müharibənin xarakterindən və mahiyyətindən aslı olaraq bilirik ki, itkilər həmişə göstərildiyindən çox olub. Bu bilərəkdən gizlədilmir. Azərbaycan tərəfi bu məsələlərə münasibətdə şəffaf mövqe sərgilədi. Düşünmürəm ki, Müdafiə Nazirliyi itkilərin sayını gizlətməklə bağlı hər hansısa bir cəhd göstərsin…Sadəcə olaraq, müharibə faktoru əsas götürülüb. Ümumi təcrübədən çıxış edərək bildirdik ki, göstərilən itki sayı artacaq. Bu günün özündə də konkret itki sayı göstərilsə də, rəqəm dəyişə bilər. Çünki, hazırda itkinlərimiz də var. Elə anlar olub ki, mərmi birbaşa əsgərin üzərinə düşüb. Onun heç tikəsi də əmələ gəlməyib. Bu baxımdan, konkret və obyektiv səbəblər var. Obyektiv səbəblərlə bağlı statistikalarda dəyişiklik ola bilər. Digər tərəfdən, Azərbaycan kiçik bir ölkədir. Burda nəyisə gizlətmək mümkün deyil. Yəgin ki, yaxın müddətdə daha dəqiq statistik göstəricilər açıqlanacaq. Ölüm faktlarının gizlədilməsi Azərbaycan üçün real görsənmir. Amma Ermənistan üçün bu böyük bir problemdir. Çünki iqtidarın hakimiyyətdə qalmasıyla bağlı ölüm-dirim savaşı gedir. Azərbaycan qalib ölkədir.  Haqlı mübarizə aparıb və düşmənə də cavabını verib. İtkilərimiz var. Müharibədə itkilər ola bilər. İtkilərimizi gizlətməyə də səbəbimiz yoxdur”.

Hərbi ekspert meyitlərinin dəyişdirilməsi prosesinin işıqlandırılmamasını Azərbaycan üçün qüsur kimi qiymətləndirib:

“Bu, informasiyanın qurulmasında gedən ciddi nöqsanlardan meydana gəlir. 44 günlük Vətən müharibəsində əsas aparıcı prinsiplərimizi uğurla görə bildik. Lakin, müharibə ərzində baş verənlərlə bağlı yazılı mənbələri hardan tapacayıq. Müharibənin bitməsindən aylar keçsə də, bizim müharibəylə bağlı dolğun informasiyamız yoxdur. Bunlar bizim tariximizdir. Təəssüf ki, Azərbaycan müharibədə bloggerlər səviyəsində informasiyanı təmin etdi. İlk əvvəl, jurnalistlər döyüş gedən əraziyə buraxıldı. Lakin, bəzi jurnalistlərimizin düzgün davranmamaları səbəbindən konkret qadağalar tətbiq edildi. Düzgün də edildi. Amma, müharibəyə professional jurnalistlər cəlb edilməliydi…Onlar əsgərlərimizin daxilində olmalı və tariximizi yazmalıydı. 10-15 ildən sonra 44 günlük Vətən müharibəylə bağlı sənədli film çəkmək lazım olduqda, konkret baş verən hadisələrdən danışmaq lazım olacaq. Amma, indi nəyin əsasında film çəkmək olar?…Bloggerləri çəkəcəklər?…Onlar da bir cümləlik informasiya paylaşır, cümlənin nə mübtədası, nə də xəbəri bilinir. Əgər, meyitlərin dəyişdirilməsi olub və işıqlandırılmayıbsa, bu informasiya işində qüsurdur. Bunu gizlətməyin nə mənası var ki?…Əslində, Azərbaycan tərəfdən jurnalistlər həmin əraziyə göndərilməli və bu işıqlandırılmalıdır”.

İbrahim Rüstəmli azərbaycanlı əsirlərin kütləvi şəkildə öldürülməsiylə bağlı Ermənistan tərəfdə informasiyalar olduğunu və bu məlumatların Azərbaycan tərəfinə verilməsiylə bağlı razılıq əldə edildiyini vurğulayıb:

“Xüsusilə, Azərbaycanın “Murov” istiqamətində qar uçqunu altında qalan əsgərləri olub. Biz hələ 1990-cı illərin axırı və 2000-ci illərin əvvəllərində onların bir qisminin nəşini tapıb aşkar etmişdik. Qarşılıqlı mübadilə dedik də, Ermənistan tərəfdə bu haqda konkret məlumatlar var. Yəni, azərbaycanlı əsirlərin kütləvi şəkildə  öldürülməsi haqda onlarda informasiyalar var. Görünür ki, ermənilər bu məlumatları verməklə bağlı Azərbaycan tərəfiylə razılığa gəlib. Təbii ki, qəbirlər qazılacaq və DNT analizi vasitəsiylə onların kimliyi müəyyənləşdiriləcək. Bizim ətrafımızda illərlə xəbər tutmadığımız tanışlarımız var. Onlar itkin düşmüş sayılır. Bundan sonra, itkinlərin yaxınları meyitlərinə sahiblənəcəklər. Ən azı onların məzarı olacaq və yaxınları ziyarət edə biləcək. Bunlar çox vacib işlərdir. Allah şəhidlərimizə də rəhmət eləsin”.

YƏHYA