“Əksinə, onların mənə borcu var”

90

500 min manatlıq dələduzluqda ittiham olunan vəkil Sevil Hacıyeva: “40 min manat bacım qızına borcları var. Bununla bağlı məhkəmə qərarı da var. 17 min 500 manat da özümə borcludurlar”

“İki oğlu dələduzluq maddəsiylə yatır, ana Lətifə Hüseynova da dələduzdur. Respublikada elə adam yoxdur ki, onlara borclu olmasınlar…”

Tovuz rayonunun Qovlar şəhərinin sakini, iş adamı İsmayıl Hüseynovun “Hürriyyət”in redaksiyasına müraciət edərək, vəkil Sevil Hacıyeva tərəfindən aldadıldığını iddia etməsi barədə ötən sayımızda məlumat vermişdik. Tovuzlu iş adamı, sahibkarlıq fəaliyyəti göstərmiş İsmayıl Hüseynov deyir ki, hazırda həbsdə olan iki oğlunun hüquqlarını müdafiə edən S.Hacıyeva onun ailəsinə yalan vədlər verərək, ümumilikdə 470 000 manat pulllarını və əmlaklarını mənimsəyib. Üstəlik, İ.Hüseynovun hər iki oğlu 9 il müddətinə həbs edilib.

“Hürriyyət” olaraq qarşı tərəflə – vəkil Sevil Hacıyevayla əlaqə saxladıq. O, iddiaların əsassız olduğunu bildirdi:

“Onların iddiası əsassızdır. Cinayət işinin başlanılmasıyla bağlı rədd qərarı var. Heç yerdə sübuta yetirilməyib. Sadəcə olaraq şər-böhtan atıb, pul əldə etmək istəyirlər. Məqsədləri də budur. Mən heç bir hüquq-mühafizə orqanına pul verməmişəm. Vaxt var idi ki, onlar Əvəz Qocayev barəsində də qəzetlərə pul verib, pul tələb edirdilər. Eyni qaydayla məni də şərləyib, pul tələb edirlər.

– İsmayıl Hüseynovun oğlu Rahib Hüseynovla evli olmusunuzmu?

– Bəli, elə bir şey olub.

– Neçə il evli olmusunuz?

– Onun nə əhəmiyyəti var?… İki ildir, üç ildir, nəsə belə bir şey…

– Qarşı tərəf iddia edir ki, onların maşınlarını, evlərini, pullarını qanunsuz yollarla ələ keçirmisiniz. Bu, nə dərəcədə doğrudur?

– Elə bir şey olmayıb. Hamısı şər-böhtandır.

– Yəni bu şəxslərin heç bir əmlakı sizdə yoxdur?

– Xeyr, yoxdur. Onların rəsmi, notarial qaydada yazdığı ərizələr var ki, mənimlə onlar arasında pul haqq-hesabı yoxdur. Buna baxmayaraq, hüquq-mühafizə orqanlarına mənimlə bağlı şikayət edirlər. Bu da təsdiqini tapmadı. Mənim onlarla bağlı məhkəmədə xüsusi ittiham qaydasında şikayətim var.

– Şikayətiniz nədən ibarətdir?

– Onların şər və böhtan atmaları ilə bağlı.

– Siz bu ailəyə vəkil olmusunuz?

– Bəli, olmuşam. Oğlanlarının işiylə bağlı vəkil olmuşam.

– Nəticədə 9 il iş verilib…

– Çünki vətəndaşların külli miqdarda pullarını mənimsəyiblər.

– Onlar vəkillik xidmətinizə görə sizə ödəniş ediblər?

– Cüzi miqdarda ödəyiblər. 200 manat müqavilə pulu…

– Şikayətçi tərəf deyir ki, siz onları borc məsələsi ilə bağlı məhkəməyə vermisiniz…

– Bəli, mənim qohumlarımdan, tanışlarımdan, tanış vəkillərdən pul alıblar. Onların respbulikada pul atmadığı adam yoxdur. Onlar da ətrafımdan gəlib borc pul aldılar. Məhkəmə qətnaməsi də var ki, mənə pul borcludurlar.

– Qeyd edirlər ki, İran İslam Bankından sizin vasitənizlə kredit götürülməsi üçün formal olaraq nikaha daxil olmusunuz…

– Yalan məlumatdır. Bununla bağlı səs yazılarını da istintaqa təqdim etmişəm. İlqar adlı şəxsə də 30 min dollar pul atmışdılar. Mən kiməm ki, bankdan pul alım?! Vəkilə bankdan pul verərlər? Onlar hamını şərləyib pul almaq istəyirlər. Halbuki özləri dələduzdurlar. Lətifə Hüseynova barəsində Tovuz rayon Məhkəməsində cinayət işi gedir. Onlar kimə şər atırlar ki?…

– Nə ilə bağlı cinayət işi gedir?

– Bir qadına 136 min dollar borcludur. Pulu ödəmirlər.

– Siz onlara vəkillik edən zaman “dələduzluq” etdiklərini bilirdiniz?

– Onların ittihamı dələduzluq üzrə idi. Amma məni inandırırdılar ki, bizim borcumuz yoxdur. Deyirdilər ki, Əvəz Qocayev və Arif Əsgərov pulları mənimsəyib. Sonda sübuta yetirildi ki, Əvəz Qocayev və Arif Əsgərovun günahı yoxdur.

– Bəs necə oldu ki, İsmayıl Hüseynovun oğlu Rahib Hüseynovla nigaha girdiniz?

– Həmin vaxt onların işi xitam olunmuşdu.

– İş xitam olunandan sonra Rahib Hüseynovla nigaha girdiniz?

– Bəli, elədir.

– Sizin qohumluq əlaqəniz var?

– Bəli, keçmiş qohumluq əlaqələrim olub.

– Onların işini aparandan sonra nigaha daxil oldunuz?

– Bəli, onlar ailəli bizə gəldilər, gördülər mənim imkanım var, istədilər ki, məndən istifadə etsinlər.

– Qarşı tərəf iddia edir ki, keçmiş həyat yoldaşınız bu ailəyə sürücülük edib…

– Xeyr, elə bir şey olmayıb. Yalan deyirlər.

– Bəs, Rahib Hüseynovla hazırda əlaqəniz var?

– Türmədə olan zaman da onun müdafiəçisi olmuşam. Bir nəçə dəfə də türmədən mənə zəng edib. O da şər-böhtanla deyir ki, əgər pulu ödəməsən qəzetdə elan verəcəyik. Mən də dedim ki, get ver, ömür boyu sizə pul ödəyəsi deyiləm ki…

– Rahib Hüseynov sizin həyat yoldaşınız olub. Sizcə, o, niyə belə iddia etsin?

– Çünki, sıxıntılı vəziyyətdədir. Kalona pul ödəməlidirlər. Məcbudular ki, pulu kimdənsə alsınlar.

– Bu söhbətlərdən sonra Rahib Hüseynovdan ayrıldınız?

– Xeyr. O, cəzaçəkmə məntəqəsinə düşən zaman orda həm qumara qurşanmışdı deyə pul tələb edirdi, həm də mənim adımdan istifadə edərək, ordakı dustaqlardan pul istəyirdi…

– Yəni qumar borcuna görə ayrıldınız…

– Bəli, türmədə qumar oynayıb dəfələrlə pul tələb edirdi. Mən də bezdim. Nə qədər pul verməliyəm ki?! Həm də vəkil adımdan istifadə edib, ordakı dustaqlardan pul almışdı.

– Bununla bağlı faktınız var?

– Adları çəkmirəm. Amma müəyyən şəxslər var ki, onlardan pul almışdılar ki, yoldaşım sizə kömək edəcək. Mənim adımdan istifadə etmişdilər.

– Şikayətçi tərəf iddia edir ki, sizə külli miqdarda pul və digər əmlaklarını veriblər. Hətta sübutları olduqlarını deyirlər…

– Xeyr, heç bir sübut yoxdur. Əksinə, mənim əlimdə sübut var. Mən onlara pul vermişəm. Həmişə məndən istifadə ediblər. Çünki İsmayıl Hüseynovun iki oğlunu ev həbsinə buraxdırmışam.

– Sizin onlara pul verməyinizlə bağlı əlinizdə sənədlər varmı?

– Əlbəttə, var. Məhkəmə qətnaməsi var ki, onlar mənə pul borcludurlar.

– Ümumilikdə sizə nə qədər borcları var?

– 40 min manat bacım qızına borcları var. Bununla bağlı məhkəmə qərarı da var. 17 min 500 manat da özümə borcludurlar.

– Sizdən hansı məqsədlə pul istəyiblər?

– Çünki, o qədər borcları var idi ki, onları sıxışdırırdılar.  Elə indi də borcları var. Onların Tovuz rayonunda evləri var. Borc verən şəxslər evi əllərindən almasınlar deyə, onu da mənim adıma keçirmişdilər. Sonra evlərini özlərinə qaytardım. İlqar adlı şəxsə Rahibin milyon yarım borcu var. Evə də həbs qoydular. Hazırda da ev hərraca çıxarılacaq. İki oğlu dələduzluq maddəsiylə yatır, ana Lətifə Hüseynova da dələduzdur. Respublikada elə adam yoxdur ki, onlara borclu olmasınlar…

YƏHYA

Qeyd: “Hürriyyət” olaraq hər iki tərəfin mövqeyini öyrənib, dərc etdik. Ümid edirik ki, kimin düz, kimin səhv olduğuna məhkəmə daha düzgün qərar verəcək. Buna rəğmən, mövzunu diqqətdə saxlayacağıq.