ƏDV hesablanmasında istehlakçılara kələk gəlinir

810

Baktelekom Qarabağ əlilinə 50 faiz ƏDV tətbiq edib  (?)

İqtisadiyyat Nazirliyinin ölkənin baş nazirliyi rolunda çıxış etməsi ali icra hakimiyyəti başçısının aktları ilə doğrulanır. Belədə Nazirlər Kabinetinin (NK) saxlanılmasına nə ehtiyac var? Eləcə də Prezident Administrasiyasının (PA) faktiki olaraq hökumətin funksiyasını yerinə yetirməsi NK-nın büdcəyə yük olmaqdan özgə bir şeyə yaramadığını ortaya qoyur. Baş nazirin “meşədən meyvə yığmağı qadağan edən “ qərarları tipli bir neçə günlük qüvvədə olan “aktları”nı elə İqtisadiyyat Nazirliyi də verə bilər. PA-nın özündə iqtisadi yönlü bir neçə şöbənin,  bu sahə üzrə bir neçə prezident (və 1-ci vitse-prezident ) köməkçilərinin olmaları da NK-nın büdcəyə artıq yük olduğunu deməyə əsas verir.

Nə isə, çox uzatmadan İqtisadiyyat Nazirliyinin faktiki  super gücə çevrildiyini vurğulayıb başlıca qonuya keçək. Bir ilə yaxındır İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti istehlakçı fiziki şəxslərin aldıqları mallara görə ödədikləri əlavə dəyər vergisinin (ƏDV) nağd ödənişlərdə 10,  nağdsız ödənişlərdə 15 faizinin qaytarılmasını həyata keçirir. Nə yazıq, ƏDV -nin geri qaytarılması prosesində də istehlakçıların hüquqlarının pozulması sürdürülür. Sözügedən pozulma əksər supermarketlərin hələ də “QR kodu”nu -fiskal İD-ni alış-veriş çekində göstərməməsində özünü göstərir. Demək olar,  sənaye, pal-paltar satışı ilə məşğul olan irili-xırdalı bütün marketlər göstərilən pozuntuya yol verirlər. Bakının Nizami rayonundakı Bəhruz Nuriyev -14 ünvanında 50 ilin kitab evini “Eviniz” “qarın obyekti”nə çevirən keçmiş ƏMDK -nın hansı yüksək çinli məmurudursa, neçə ildir nağdsız ödənişlərdən, sonra isə çekdə  fiskal İD-ni göstərməkdən imtina edir. Bu boyda İqtisadiyyat Nazirliyi və yanındakı Vergi Xidməti “Eviniz” kimi supermarketə adi bir çek aparatı aldıra bilmirsə (yaxud istəmirsə),  hansı xidmətdən,  istehlakçı hüquqlarının qorunmasından danışmaq olar? Digər ticarət obyektlərinin hamısında ƏDV -nin düzgün hesablanmaması özünü göstərir. Marketlər nə əməl ediblərsə, 18 faizlik ƏDV reallıqda 15 faiz civarında olur. Baxın, “Zeytun aptek”in 1 manatlıq alış-veriş çekində tutulan  18 faizlik ƏDV məbləği 0,15 manat təşkil edir. Halbuki 1 manatın 18 faizinin 0,18 manat olmasını bağça uşağı da bilir, onda qala “bağça iqtisadçıları” ola. Yeri gəlmişkən, sözügedən aptek çekin özünü də verməkdən imtina edir, tələb edəndə isə kartla ödənişin guya nağd edildiyini saxtalaşdırır. Xatırladaq ki, nağdsız ödənişlərdə ƏDV -nin 15 faizi, nağd ödənişlərdə isə 10 faizi fiziki şəxslərə geri qaytarılır. Daha bir çekə nəzər salaq . 7,14-ün 18 faizinin 1.28 olması sadə hesablama ilə bəlli olsa da, “Qrandmart”ın çekində 1,09 çıxıb. Vurğuladığımız kimi, bütün ticarət obyektlərində ƏDV -nin hesablanması belə aşağı faizlə aparılır. Niyə İqtisadiyyat Nazirliyi və yanındakı Vergi Xidməti bu açıq-aşkar yanlış hesablamaya son qoymur? Bəlkə, biz yanılırıq, “iqtisadi hesablama” doğrudan da 18 faizi 15 faizə salır? Belədirsə, bəs Qarabağ qazisinə 50 faizlik ƏDV məbləği hesablanmasını necə izah etmək olar?

  

Ortalıq 10 il qabaq Qarabağ qazisindən Baktelekom eyni stasionar nömrəyə görə 2 dəfə (?) çəkiliş haqqı (80 manat və 40 manatlıq,  toplam 120 manat) alıb. Hesablama Palatası , Ombudsman Aparatı,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özü, İqtisadiyyat Nazirliyinin özü , NK-nın,  Milli Məclisin, PA-nın özü hələ də  rəsmi məktublarla bildirir ki, Qarabağ əlilindən ƏDV ilə birlikdə 120 manat çəkiliş haqqının zorla alınması qanunidir. Qarabağ əlili də hələ də inadından əl çəkmir :

ÇƏKİLİŞ HAQQI 80 MANAT OLUBSA, BUNUN 50 FAİZİNİ -40 MANATI ƏDV KİMİ HANSI VİCDANLA , HANSI QANUNLA və SOSİAL – İQTİSADİ ƏSASLA  HESABLAYIBLAR? Biz hələ onu demirik ki, xidmət , çəkiliş haqqını Tarif Şurası  (sədri iqtisadiyyat nazirinin özüdür) ƏDV ilə birlikdə bəlirləyir! (?) Milli Məclis bəlirləsəydi, fikirləşərdik ki, yəqin çaşıblar, əmək haqlarına 50 faizlik deputat səlahiyyətlərindən yararlanmağa görə əlavə qəbul ediblər.

Nə isə, nöqtələməyin çağıdır. Yoxsa,  qaziyə 50 faizlik əlavə (dəyər vergisi) qəzaya-cəzaya da  nədən ola bilər.

Məğrur Bədəlsoy